Culfa rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib

Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyət” adlı kitabın I cildinin təqdimat mərasimi keçirilib.
AZERFAX.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Təqdimatı giriş nitqi ilə açan Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülür, ölkə rəhbərinin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi irsi, məruz qaldıqları tarixi ədalətsizliklər, cinayətlər haqqında davamlı tədqiqatlar aparılır. Kitabın I cildi Qərbi Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında ilk addımdır. Növbəti kitab cildləri də bizim bu müqəddəs yolumuzda hüquqi əsasları gücləndirəcək və beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb edəcəkdir.
Naxçıvan Dövlət Universitetinin rektoru və Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəliyinin rəhbəri Elbrus İsayev çıxışı zamanı kitabda həm etnoqrafik, həm toponimik, həm də demoqrafik məlumatların dəqiq və faktlara əsaslanaraq təqdim edildiyini, Qərbi Azərbaycan ərazisində bir vaxtlar mövcud olmuş mədəniyyət nümunələrinin – məscidlərin, məktəblərin, körpülərin, qəbiristanlıqların və digər maddi-mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılmasının bir xalqın tarixdən silinməsi məqsədi güdən vandalizmin bariz nümunəsi olduğunu vurğulamışdır.
Culfa Rayon Mərkəzləşdirilmiş Kitabaxana Sisteminin komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri, Qərbi Azərbaycandan olan soydaşımız Nailə Nuriyeva çıxış edərək doğulduğu Qafan şəhərindəki uşaqlıq xatirələrindən danışıb və bildirib ki, köçürülmənin hüquqi baxımdan könüllü kimi göstərilsə də, əslində, geniş miqyaslı, məcburi və siyasi xarakter daşıyan deportasiya zamanı ailəsi ilə birlikdə Culfa rayon Şurud kəndinə köç ediblər.
Tədbirin sonunda “Qərbi Azərbaycan İrsi” silsilə nəşrinə dair hazırlanmış videoçarx nümayiş olunub. Çarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid, qəbiristanlıq və digər tarixi-dini abidələrin məhv edilməsinə dair foto və sənədli sübutlar təqdim olunub.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları, eləcə də Qərbi Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.
Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.