ADAU-da I kursa qəbul olan əcnəbi tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) I kursa qəbul olan əcnəbi tələbələrlə görüş keçirilib. AZERFAX.az xəbər verir ki, görüşdə Universitetin rektoru Zəfər Qurbanov tələbələri yeni təhsil mərhələsinə başlamaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə xarici tələbələrin təhsil prosesi, yerləşdirilmə, sosial adaptasiya və mentor dəstəyi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, universitet tərəfindən onların akademik və mədəni mühitə uyğunlaşması üçün bütün zəruri şərait yaradılıb.
Görüş interaktiv şəkildə davam edib, tələbələrin sualları cavablandırılıb və gələcək fəaliyyətlə bağlı təkliflər dinlənilib.
Xatırladaq ki, hazırda Aqrar Universitetdə Türkiyə, Hindistan, Rusiya, İsrail, Moldova ölkələri və Cənubi Afrika Respublikası da daxil olmaqla 400-dən çox əcnəbi tələbə təhsil alır.








