Region

Daşkəsəndə 20 Yanvar – Ümumxalq Hüzn Günü ehtiramla qeyd olunub

Daşkəsən Şəhidlər xiyabanında təşkil olunan anım mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər. AZERFAX.az-ın yerli bürosu xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından Şəhidlər xiyabanındakı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, 20 Yanvar faciəsi qurbanları və bütün şəhidlərimiz anılıb, Birinci və İkinci Qarabağ müharibələri zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid daşkəsənlilərin məzarları üzərinə tər qərənfillər düzülüb.
İcra başçısı Orxan Abbasov vurğulayıb ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki onların qanı hədər getməmişdir. 36 il əvvəl başlayan çətin, məşəqqətli və şərəfli yol xalqımızı 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə qovuşdurdu. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunmuşdur. Hazırda Azərbaycanın Dövlət Bayrağı ölkəmizin hər bir guşəsində qürurla dalğalanır. Xalqımız 20 Yanvar faciəsinin 36-cı ildönümünü indi xüsusi qürur hissi və başucalığı ilə qeyd edir, hər zaman igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla anır.
Ümumrayon anım mərasimində icra başçısı rayonun şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, ağsaqqallar və veteranlarla görüşüb, qayğıları ilə maraqlanıb, müraciətlərdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlarını verib.
20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə rayonda dövlət bayraqları endirilib, saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək rayon ərazisində nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Related Articles

Bir cavab yazın

Back to top button