Gəncə Tibb Kollecində “İlkin tibbi yardım” mövzusunda maarifləndirilmə seminarı keçirilib.

Gəncə Tibb Kollecində Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin orta ixtisas məktəblərinin direktor müavinləri üçün “İlkin tibbi yardım” mövzusunda maarifləndirilmə seminarı keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşlarının birgə təşkil etdiyi seminarda 19 direktor müavini iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gəncə Tibb Kollecinin Mülki-müdafiə qərargah mühəndisi Sevda Abbasova kollecin və FHN-nin Gəncə Regional Mərkəzinin işçi heyətinin sıx əməkdaşlıqlarını qeyd edib, kollecin həkim-müəllimlərinin ilkin tibbi yardımın təşkili ilə bağlı keçdikləri dərslərin hər bir zaman maraqla dinlənildiyini vurğulayıb.
Seminarda həkim-müəllim Gülnara Mustafayeva qanaxmalar, travma, boğulmalar, zəhərlənmələr, suda boğulma, ilan sancması, yanıqlar, epileptik tutmalar, cərəyan və ildırım vurması, arı sancması göstərilən ilk tibbi yardımlardan, sipiyar tətbiq haqqında geniş məlumatlar verib. Mövzular auditoriyanın böyük marağına səbəb olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev iştirakçıları ilə seminarın gedişatı haqqında söhbət edib. İştirakçılar seminarın yüksək səviyyədə təşkili üçün minnətdarlıqlarını bildiriblər.





