Gəncə Tibb Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində konfrans keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda konfransı keçirilib. AZERFAX.az xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün bərpası və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açılış nitqi ilə kollecin direktoru, Əməkar həkim Mehman Rzayev “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli-mənəvi dəyərlərin qorunması və yaşadılması məsələlərinə hər zaman xüsusi diqqət yetirildiyini vurğulayıb. O qeyd edib ki, gənc nəsildə dövlətçilik ənənələrinə hörmət, vətənpərvərlik ruhu və ictimai məsuliyyətin formalaşdırılması kollecin prioritet istiqamətlərindəndir.
Sonra konfransa qonaq qismində qatılan hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Respublika Veteranlar Təşkilatının İdarə Heyətinin üzvü İbrahim Quliyev Azərbaycan Konstitusiyasının qəbul edilməsindən, ölkədə idarəetmə formasından, ölkəmizdə suverenliyin bərpasından, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsindən danışdı.
Natiq 12 noyabr – Konstitusiya Günü münasibətilə Azərbaycan xalqına təbrikində Ümummilli lider Heydər Əliyevin fikirlərini xatırtlatdi: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.
Professor vurğuladı ki, Azərbaycan Konstitusiyası bir sıra təməl başlanğıcları özündə ehtiva edir: dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması; insan şəxsiyyətinə və ləyaqətinə hörmət; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; sosial ədalətə nail olmaq; ümumbəşəri dəyərlərə sadiqlik və digərləri.
İ. Quliyev mühazirəsində 44 günlük müharibə zamanı Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun qəhrəmanlığı və şəhidlərimizin qanı bahasına 30 il işğal altında olan torpaqlarımızın azad olunmasını ölkəmizin müstəqillik səlnaməsinə qızıl hərflərlə yazıldığı bildirdi. Natiq artıq Azərbaycanın tam bütov bir müstəqil və suveren dövlət olduğunu vurğulayaq hazırda bütün ölkə ərazisində Konstitusiyanmızın və qanunlarımızın tam bərpa olunduğunu vurğuladı.






