Gəncədə qanunsuz küçə ticarətinə qarşı reydlər keçirilir.

Gəncədə qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə reydlər təşkil edilir. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə ötən günlər ərzində şəhərin Yeni Gəncə yaşayış massivi, H.Məmmədquluzadə küçəsində və şəhərin digər ərazilərində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparılıb. Reydlər nəticəsində bir çox ərazidə səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin, həmçinin ticarət köşklərinin və mağazaların qarşısına qoyulan soyuducuların yığışdırılması təmin olunub. Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsinin” 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yaradılan “İşçi qrupları” tərəfindən pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər keçirilir, aşkar edilmiş neqativ halların qarşısının alınması məqsədi ilə qanunamüvafiq tədbirlər görülür.
Xatırladaq ki, Gəncə bu il 28 sentyabr – 08 oktyabr tarixlərində III MDB oyunlarına ev sahibliyi edəcək və açılış mərasimi məhz Gəncə şəhər stadionunda olacaq. Bu yarışlara 7000- ə yaxın idmançının və çoxlu sayda tursitlərin gəlməsi gözlənilir.






AZERFAX.az Qərb Bürosu