Region

Gəncədə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfərdən zəfərə gedən yol” mövzusunda tədbir keçirilib.

AZERFAX.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan mayor Mahir Hüseynov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, DQİDK-nin Gəncə-Daşkəsən Regional Bölməsinin müdiri Həsən Məmmədov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gəncə şəhər şöbəsinin sədri Yusif Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, müharibə iştirakçıları, şəhərdə fəaliyyət göstərən universitet, kollec, o cümlədən peşə mərkəzinin müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə qonaqlar Mərkəzin önündə ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yadigar Bədəlov çıxışında qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də böyük qəhrəmanlıqlara imza atıb. Gəncə şəhərinin dəfələrlə raket hücumlarına məruz qalmasına baxmayaraq, əsl cəsarət və mübarizlik sərgilədiyini, Azərbaycanın yenilməzlik simvoluna çevrildiyini bildirib.

Polkovnik Cəlil Xəlilov çıxışında İkinci Dünya müharibəsində Azərbaycan xalqının qələbəyə verdiyi tarixi töhfədən, həmçinin xalqımızın ön və arxa cəbhədə göstərdiyi böyük sücayətindən danışıb. Bildirib ki, müharibə dönəmində 700 mindən çox azərbaycanlı hərbi əməliyyatlarda iştirak edib, onların təxminən yarısı həlak olub. Qürurvericidir ki, 1945-ci ildə alman faşizmi üzərində zəfərdə mühüm rol oynayan Azərbaycan xalqı 2020-ci ildə erməni faşizmi üzərində də tarixi qələbə qazanıb, bununla da öz qəhrəmanlıq ənənəsinə sadiqliyini bütün dünyaya nümayiş etdirib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirməyən Ermənistan ordusu, dinc yaşayış məntəqələrini, kənd və şəhərləri atəşə tutaraq vətəndaşların arasında xof yaratmağa, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalışıb. Müharibə dövründə erməni terroruna məruz qalan şəhərlərimizdən biri də Gəncə olub. Ermənilərin xain terror əməlləri nəticəsində Gəncədə bəzi yaşayış binaları dağıdılıb, mülki insanlar şəhid olub. Lakin buna baxmayaraq, Gəncə xalqı öz cəsarəti ilə düşmənə meydan oxuyaraq, fədakarlığı və cəsurluğu ilə bütün dünyanı heyrətə gətirib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gəncə şəhər şöbəsinin sədr müavini Faxrəddin Usenov, İkinci Dünya müharibəsi ilə bağlı maraqlı faktlara diqqət çəkib, müharibədə iştirak edən atası ilə bağlı xatirələrini dilə gətirib.

“Rəşadət” ordenli, ehtiyatda olan mayor Mahir Hüseynov isə 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışıb. Özünün də bu müharibədə iştirak etdiyini bildirən Mahir Hüseynov, bundan qürur duyduğunu bildirib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

AZERFAX.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button