“XAN YURDU” etnoqəsəbəsində ATATÜRKÜ Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir keçirildi.

Göygöl rayonunun “XAN YURDU” etnoqəsəbəsində 19 May – ATATÜRKÜ Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir keçirilib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə tədbirdə Gəncə şəhər və Göygöl rayon İcra Hakimiyyətlərinin, Baş Konsuluğun və «Cavad Xan Tarix və Mədəniyyət Fondu»nun rəhbərliyi və əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbə heyəti iştirak edib.
Bayram törəni Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Çıxış edən Türkiyənin Gəncə Baş Konsulu Recep Öztop və «Cavad Xan Tarix və Mədəniyyət Fondu»nun vitse-prezidenti Müzadil Həsənov Türkiyə Cümhuriyyəti tarixində milli mübarizənin simvolu hesab olunan bu əlamətdar günün tarixi əhəmiyyətindən bəhs edib, Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin ən ali səviyyədə olmasının iki ölkə rəhbərinin yüksək şəxsi keyfiyyətləri və birgə əməkdaşlıqları sayəsində mümkün olduğunu vurğulayıblar.
Rəsmi hissədən sonra tədbir iştirakçıları etnoqəsəbə ilə tanış olub, ənənəvi xalq oyunları, milli idman növləri haqda məlumatlandırıb, milli mətbəximizin təamlarını dadıb, milli-mədəni irsimizi əks etdirən məkanlarla tanış olublar.
Müzəffər Azərbaycan Ordusunun zabitləri Mahir Hüseynov və Ramil Vəliyev tərəfindən təşkil olunan trekinq üzrə təlim, eləcə də Alpaqut Federasiyasının nümayəndələrinin nümunəvi çıxışları böyük marağa səbəb olub.
İştirakçılar yaylaq yurdu ərazisində yallı gedib, rəqs edib, ox atıb, at çapıb, güclərini sınayıb və yaxşıca əyləniblər.
Tədbir Türkiyə Cümhuriyyətinin Gəncə Baş Konsulluğu, «Cavad Xan» Tarix və Mədəniyyət Fondu və ADAU-nun birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
























AZERFAX.az Qərb Bürosu