Siyasət

Dünya Azərbaycanlılarının Həmrəyliyi – Milli Birliyimizin təminatıdır.

Dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı yaşayır, işləyir və yaşadıqları cəmiyyətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Lakin harada yaşamalarından asılı olmayaraq, bütün soydaşlarımızı bir amal, bir ideya birləşdirir: milli mənsubiyyətinə, tarixinə, dilinə və mədəniyyətinə sədaqət. Bu mənəvi birliyin və milli varlığın qorunub saxlanılmasının əsas dayağı isə müstəqil və suveren Azərbaycan Respublikasıdır.

Dünya azərbaycanlılarının həmrəyliyi və onların milli maraqlar ətrafında təşkilatlanması prosesi Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən birini təşkil edib. Böyük siyasi uzaqgörənliyə malik olan Ümummilli Lider dünya miqyasında səpələnmiş azərbaycanlıların vahid ideya və amal ətrafında birləşməsini xalqın gələcək inkişafı üçün daim mühüm amil kimi dəyərləndirib.

Dahi şəxsiyyət dünya azərbaycanlılarının milli kimliyini qoruyub saxlamasını, ana dilinə, tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə sədaqətini daim diqqət mərkəzində saxlayıb. Məhz bu strateji yanaşmanın nəticəsi olaraq, məhz Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təsis edilib. Bu tarixi qərar dünya azərbaycanlılarının birliyinin rəmzinə çevrilib,  onların ideoloji və mənəvi baxımdan təşkilatlanmasına güclü təkan vermişdir.

Ümummilli lider dünya azərbaycanlılarının həmrəy olmasının vacibliyini daim çıxışlarında xüsusi vurğulayıb:

“Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir” deyə dahi şəxsiyyət qeyd edib.

Azərbaycan dövləti dünya azərbaycanlıları üçün təkcə tarixi Vətən deyil, eyni zamanda milli-mənəvi dəyərlərin, dilin, dinin və adət-ənənələrin qoruyucusu və yaşadıcısıdır. Dünya Azərbaycanlılarının həmrəyliyi ideyasının təməlində məhz Azərbaycan dövlətçiliyinə sədaqət, milli kimliyə hörmət və ümumbəşəri dəyərlərlə vəhdət təşkil edən düşüncə dayanır. Bu ideya soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, vahid milli maraqlar ətrafında birləşməsini zəruri edir.

Tarixi təcrübə göstərir ki, güclü diaspor və möhkəm milli birlik dövlətin beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə daha dolğun və obyektiv şəkildə çatdırılmasına, milli maraqlarımızın müdafiəsinə xidmət edir. Soydaşlarımızın birgə fəaliyyəti ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və milli maraqlarının qorunmasında mühüm əhəmiyyət daşıyır.

Dünya azərbaycanlılarının həmrəyliyi siyasəti Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik xəttinin mühüm istiqamətlərindən biri kimi bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Müasir dövrdə qloballaşma proseslərinin sürətləndiyi bir şəraitdə dünya üzrə səpələnmiş soydaşlarımızın milli maraqlar ətrafında birləşdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının təşkilatlanmasının gücləndirilməsi, diaspor quruculuğunun inkişaf etdirilməsi və soydaşlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan diaspor təşkilatlarının beynəlxalq müstəvidə daha fəal və sistemli fəaliyyəti, ölkəmizin milli maraqlarının və haqq səsinin dünya ictimaiyyətinə çatdırılması məhz bu siyasətin real nəticəsidir.

Dövlət başçısı çıxışlarında və görüşlərində dəfələrlə vurğulayıb ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətinin maraqlarını müdafiə etməli, milli kimliyinə və mənəvi dəyərlərinə sadiq qalmalıdır. Bu yanaşma dünya azərbaycanlıları arasında ideoloji həmrəyliyin möhkəmlənməsinə, milli özünüdərkin daha da güclənməsinə xidmət edir.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayında çıxışı zamanı bütün dünyada yaşayan azərbaycanlıların bir vətəni olduğunu, onların hər zaman Azərbaycan dövlətinə arxalana biləcəklərini qeyd edib:

“Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər” deyə cənab Prezident vurğulayıb.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının sarsılmaz milli həmrəyliyinin, birlik və vəhdətinin parlaq təcəssümü kimi tarixə düşdü. Bu müharibə təkcə hərbi qələbə deyil, eyni zamanda xalq–dövlət–ordu birliyinin gücünü bütün dünyaya nümayiş etdirən möhtəşəm bir milli həmrəylik nümunəsi oldu.

Müharibə dövründə Azərbaycan cəmiyyətinin bütün təbəqələri – siyasi baxışlarından, sosial statusundan və yaşadığı yerdən asılı olmayaraq – Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Cəbhədə rəşadətlə vuruşan Azərbaycan Ordusu arxa cəbhədə xalqın mənəvi dəstəyi, güclü inamı və həmrəyliyi ilə daha da qüvvətləndi. Bu birlik qələbənin əsas şərtlərindən birinə çevrildi.

44 günlük Vətən müharibəsi zamanı dünya azərbaycanlıları da misilsiz həmrəylik nümayiş etdirdilər. Xaricdə yaşayan soydaşlarımız müxtəlif ölkələrdə Azərbaycanın haqq səsini ucaltdaraq, informasiya müharibəsində fəal iştirak etdilər, milli maraqlarımızın müdafiəsi naminə təşkilatlanmış şəkildə çıxış etdilər. Bu qlobal həmrəylik Azərbaycan dövlətinin beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynadı.

Bu gün müasir, müstəqil Azərbaycan dünya azərbaycanlılarının etibarlı dayağı, ümid yeri və qürur mənbəyidir. Milli birliyimizin möhkəmləndirilməsi, soydaşlarımız arasında əlaqələrin genişləndirilməsi və Azərbaycan dövlətçiliyinə sədaqətin qorunması hər bir azərbaycanlının mənəvi borcudur. Dünya Azərbaycanlılarının həmrəyliyi milli varlığımızın yaşamasının, gələcək nəsillərə ötürülməsinin və dövlətimizin davamlı inkişafının əsas təminatıdır.

Hər il 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyimizin, həmrəyliyimizin və gücümüzün rəmzi kimi qeyd olunur. Bu əlamətdar gün dünya azərbaycanlılarının Azərbaycan dövləti ətrafında sıx birləşdiyini, milli-mənəvi dəyərlərimizə sadiqliyini bir daha nümayiş etdirir. Həmrəyliyimiz nə qədər güclü olarsa, dövlətimiz də bir o qədər qüdrətli və nüfuzlu olar.

Məlahət Musayeva – Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin Təcrübə rəhbəri

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button