“Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin sülh siyasətinə verilən yüksək qlobal qiymətdir

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Başa çatmaqda olan həftənin Azərbaycan üçün əsas siyasi hadisəsi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi oldu. Dövlətimizin başçısı bu mükafata Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə layiq görüldü.
Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin şərəfinə təsis olunmuş mükafat dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq təltifdir. Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunması bu mükafatın qlobal mötəbərliliyini nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin dünyanın ən prestijli humanitar və sülh yönümlü təltiflərindən olan “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə dövlətimizin başçısının 30 illik münaqişəni sülh yolu ilə başa çatdırmasına, Cənubi Qafqazda davamlı sülh və sabitlik yaratmaq uğrunda göstərdiyi səylərə verilən ən ali dəyərdir.
Çağdaş dünyamızın İkinci Dünya müharibəsindən sonrakı tarixinə nəzər salsaq, müharibələrin sülhlə başa çatdığını və barışın əldə olunduğunu təsdiq edən bir fakt belə göstərə bilmərik. Bu dövrdə meydana çıxan savaşlar ya dövlətlərin parçalanması ilə nəticələnib, ya da bir sıra dövlətlər hələ də müharibə vəziyyətində qalmaqdadır. Cənubi Qafqaz da dünyada uzun illər müharibə zonası kimi tanındı. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi müasir dünyanın ən böyük ədalətsizliklərindən biri idi. Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfində olsa da, ayrı-ayrı təşkilatlar və Qarabağ münaqişəsinin həlli ilə “məşğul olan” vasitəçilər obyektiv olmadılar. Nəinki obyektiv olmadılar, dolayı yolla işğala rəvac verdilər. Lakin Azərbaycan haqlı və prinsipial mövqeyindən bir addım belə geri çəkilmədi. Cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin nəticəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu.
Cənab Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad olunmasını təmin etməklə yanaşı, həm də bu gün Azərbaycanla Ermənistan arasında sürətlə inkişaf etdirilən sülh prosesinin müəllifidir. Xüsusilə qeyd edilməlidir ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar dövlətimizin başçısının təşəbbüsləri ilə başlanan sülh prosesində tamamilə yeni mərhələnin təməlini qoyub. Hadisələrin gedişatı göstərir ki, Prezident İlham Əliyev prinsipial mövqeyi və siyasi iradəsi ilə regionda sülhü təmin edir. Bu baxımdan, dövlətimizin başçısına təqdim olunan ali mükafat onun liderlik keyfiyyətlərinin, diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi misilsiz qətiyyətin dünya miqyasında tanınması və yüksək dəyərləndirilməsi deməkdir. Bu təltif Prezident İlham Əliyevin qlobal lider statusunu daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın sülhsevər, dialoqa meyilli və mənəvi dəyərlərə sadiq dövlət imicini də gücləndirir.
Eyni zamanda, Prezident İlham Əliyevin müəllifi olduğu sülh prosesi dünyada nümunəyə çevrilir. Bu model onilliklər boyu həlli qeyri-mümkün görünən münaqişələrin belə qətiyyətli liderlik və ədalətli prinsiplər əsasında nizamlana biləcəyini sübut edir. Fevralın 4-də Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışında cənab Prezident İlham Əliyev bu barədə deyib:
“Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür”.
Cənab Prezidentin bu sözləri Azərbaycanın təklif etdiyi sülh gündəliyinin sadəcə regional deyil, həm də universal bir düstur olduğunu ortaya qoyur. Münaqişə tərəflərinin keçmişin ağır yükündən azad olaraq gələcəyə baxmaq cəsarəti sülhün ən mühüm şərtidir. Azərbaycan bu iradəni həm döyüş meydanında, həm də diplomatik masada nümayiş etdirir.
Bütövlükdə, Azərbaycan Prezidentinin sülh strategiyası nümunəvi barış modelinə çevrilərək, digər münaqişə ocaqları üçün effektiv bir yol xəritəsi funksiyasını daşıyır. Bu isə onu təsdiq edir ki, Azərbaycan artıq dünyada təkcə enerji resursları ilə deyil, həm də qlobal təhlükəsizlik arxitekturasına verdiyi intellektual və praktiki töhfələrlə sülhün ixracatçısı olan dövlət kimi tanınır.
Bir məsələni də qeyd etməliyik ki, Azərbaycanın Vətən müharibəsindən sonrakı yeni siyasi-diplomatik zəfərləri, dövlətimizin başçısının sülh təşəbbüslərinin reallığa çevrilməsi, bu təşəbbüslərin Vaşinqton razılaşmalarının və “Zayed İnsan Qardaşlığı Mükafatı”nın timsalında qlobal səviyyədə dəstək qazanması özünü müxalifətçi hesab edən, lakin müxalifətçilik anlayışından tamamilə uzaq olan, Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilməyən antimilli ünsürlərin kürkünə birə salıb. Çünki Prezident İlham Əliyevin dünyada həm də sülh qurucusu kimi tanınması illərdir müxtəlif riyakar və həqiqətə uyğun olmayan ssenarilər üzərindən siyasi dividend qazanmaq istəyən Əli Kərimli, Cəmil Həsənli kimi siyasi qaragüruhçuların antiazərbaycançı siyasi mərkəzlərin təlimatları ilə ölkəmizə qarşı həyata keçirdikləri xəyanətakar fəaliyyəti darmadağın edir. Onlar üçün Azərbaycanın sülh təşəbbüslərinin nümunə kimi göstərilməsi məğlubiyyətin və mənəvi iflasın növbəti mərhələsidir. Ona görə mənəvi baxımdan tükənmiş, milli hissini və simasını itirmiş bu riyakar qruplaşmanın üzvləri Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın verilməsini heç cür qəbul edə bilmir, sosial şəbəkələr üzərindən öz mənəvi miskinliklərini nümayiş etdirirlər.
Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu siyasi və mənəvi mərkəzlərinin dəstəklədiyi bir mükafatla təltif olunmasını qəbul edə bilməmək Azərbaycanın dövlətçilik maraqlarının və beynəlxalq nüfuzunun hədəfə alınmasıdır. Bu isə sapı özümüzdən olan sözügedən marginal qruplaşmanın təmsilçilərinin dövlətçilik anlayışından və dəyərlərindən nə qədər uzaq olduqlarını, onların siyasi kimliklərinin, dünyaya baxışlarının tamamilə deqradasiyaya uğradığını bir daha təsdiq edir.
Dövlətimizin uğurlarından məyus olan, qələbələrimizə kölgə salmağa çalışan bu ünsürlərin əməlləri haqlı olaraq cəmiyyətimiz tərəfindən ikrahla, qəzəblə qarşılanır. Azərbaycana qarşı qərəzli və düşmən mövqedə dayanan təşkilatlarla əməkdaşlıq edən, Ermənistanın təəssübünü çəkən avropalı siyasətçilərdən təlimatlar alaraq dövlətimizin maraqlarına ləkə vurmağa çalışan bu milli satqınlar öz əməlləri ilə xalqımızın əbədi nifrətini qazanıblar. Və özləri də yaxşı anlayırlar ki, Azərbaycan cəmiyyətində onlara yer yoxdur.
Məlumdur ki, bu antiazərbaycançı qrupun üzvləri vaxtilə torpaqlarımızın azadlığa qovuşacağını, bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpa olunacağını qeyri-mümkün hesab edirdilər. Vətən müharibəsindəki zəfərimiz bu iddiaları yerlə yeksan etdi. Daha sonra onlar Rusiyanın sülhməramlı kontingentinin Qarabağda əbədi qalacağını iddia etməyə başladılar. Lakin Prezident İlham Əliyevin uzaqgörən diplomatiyası və strateji gedişləri bu iddiaların da nə qədər əsassız olduğunu sübut etməklə, onun müəlliflərinin daha bir siyasi ifşası oldu.
“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın sülhsevər dövlət, Prezident İlham Əliyevin isə qlobal səviyyədə yüksək nüfuz və ehtirama malik lider olmasının siyasi möhürüdür. Bu mükafat dövlətimizin başçısının sülh siyasətinə verilən yüksək qlobal qiymətdir. Cənab Prezident İlham Əliyevin bu nüfuzlu mükafatla təltif olunması həm də düşmən dəyirmanına su tökən antiazərbaycançı dəstəyə vurulan növbəti siyasi zərbədir.



