Zelenski Putinlə bu şəhərdə görüş təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski öz komandasına Rusiya Prezidenti Vladimir Putinlə görüş təşkil etməyi tapşırıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
“Zelenski bir daha vurğulayıb ki, ərazi məsələsində irəliləyişə nail olmağın ən yaxşı yolu Putinlə şəxsi görüşdür. O, komandasına Cenevrədə liderlər səviyyəsində görüş təşkil etməyi tapşırdığını bildirib”, — deyə materialda qeyd olunur.
Kremldən dəfələrlə bəyan ediblər ki, əgər Zelenski Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşmək istəyirsə, bunun üçün o, Moskvaya gəlməlidir. Yanvarın 28-də bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat versə də, Zelenski Rusiya paytaxtına gəlməkdən imtina edib.
Həmçinin Zelenski “Axios”a müsahibəsində bildirib ki, Ukrayna qoşunlarını Donbasdan yalnız Rusiya qüvvələrinin analoji geri çəkilməsi şərtilə çıxarmağa hazırdır. O, ərazilərin statusu məsələsinin referenduma çıxarılmasını mümkün hesab edib və qeyd edib ki, cəbhə xəttinin olduğu kimi dondurulması variantı Ukrayna cəmiyyətində dəstək qazana bilər.
Hüseyn İbadlı



