Meloni bu məqsədlə Azərbaycana gəlir

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Roma ilə Bakı arasında siyasi dialoqu davam etdirmək və enerji əməkdaşlığını gücləndirmək üçün yaxın həftələrdə Azərbaycana səfər edəcək.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Euronews”un məqaləsində deyilir.
Qeyd olunur ki, Meloninin may-iyun aylarında Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində daha bir addım olacaq. Məqalədə vurğulanır ki, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının tədarükü Roma və Bakı arasındakı münasibətlərin əsas sütunu olaraq qalır.
TAP Xəzər regionunu Avropa ilə birləşdirən daha geniş Cənub Qaz Dəhlizinin bir hissəsidir.
“Trans Adriatic Pipeline AG” (TAP AG) konsorsiumunun idarəedici direktoru Luka Skiepatti qeyd edir ki, boru kəmərinin kommersiya istismarına başlandığı vaxtdan bəri İtaliyaya 47,5 milyard kubmetrdən çox təbii qaz tədarük edilib.
Onun sözlərinə görə, TAP vasitəsilə Avropaya ümumilikdə 57 milyard kubmetr qaz çatdırılıb ki, bu da təchizat marşrutlarının şaxələndirilməsinə və Avropa enerji sisteminin sabitliyinə töhfə verir.
O, həmçinin qeyd edib ki, İtaliya TAP vasitəsilə nəql olunan Azərbaycan qazının əsas təyinat yeri və Avropa bazarına boru kəməri ilə tədarük üçün əsas giriş nöqtəsidir.
TAP 2025-ci ildə İtaliyanın ümumi qaz idxalının təxminən 16,5%-ni təşkil edib. Skiepatti vurğulayıb ki, təchizat təhlükəsizliyi iki ölkə arasında enerji əməkdaşlığının əsasını təşkil edir: “İtaliya ilə Azərbaycan arasında yüksək səviyyəli ikitərəfli əlaqələr enerji sektorunda uzunmüddətli əməkdaşlığı və Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini bir daha təsdiqləmək üçün fürsət yaradır”.
Topçubaşov Analitik Mərkəzinin elmi işçisi Simona Skotti Euronews-a bildirib ki, səfər COP29-da iştirak və əvvəlki rəsmi səfərlər də daxil olmaqla, əvvəlki ikitərəfli və çoxtərəfli mübadilələrin davamı olacaq. O əlavə edib ki, gündəm hələ təsdiqlənməsə də, enerji əməkdaşlığı, iqtisadi və siyasi əməkdaşlığın digər sahələri ilə yanaşı, əlaqələrin genişləndirilməsində mühüm komponent olaraq qalacaq.
Skotti qeyd edib ki, İtaliya hazırda Azərbaycanın aparıcı ticarət tərəfdaşıdır və əməkdaşlıq enerjidən müdafiə və aviasiya kimi sektorlara qədər uzanır ki, bu da son illərdə ikitərəfli əlaqələrin tədricən şaxələndirilməsini əks etdirir. (“Report”)



