AZERFAX TV

Pakistan 80 minlik ordu ilə hərəkətə keçir

Pakistan İranla müharibə fonunda Səudiyyə Ərəbistanına güclü hərbi kontingent yerləşdirib.

AZERFAX.AZ xəbər verir ki, İslamabad krallığı qorumaq üçün döyüş aviasiyası, hava hücumundan müdafiə (HHM) sistemləri və minlərlə əsgər cəlb edib.

Zərurət yarandığı təqdirdə isə 80 000-ə qədər Pakistan əsgəri Səudiyyə Ərəbistanına daxil ola bilər.

Rəsmi Ər-Riyad Pakistanın köməyi ilə öz müdafiəsini gücləndirir.

İslamabad artıq müttəfiqinə dəstək məqsədilə 8 000 hərbçi göndərib. Bu, sadəcə təlim missiyası deyil, göndərilən qüvvələr krallığı mümkün İran hücumlarından qorumaq funksiyasını daşıyan ciddi və döyüşə hazır bir bölmədir.

Aviasiya qrupunun əsasını Pakistanın Çinlə birgə istehsal etdiyi 16 ədəd “JF-17” qırıcı təyyarəsindən ibarət tam bir eskadrilya təşkil edir. Bundan əlavə, İslamabad krallığa iki pilotsuz uçuş aparatı (PUA) eskadrilyası da yollayıb. Səmanı qorumaq üçün isə Çin istehsalı olan “HQ-9” hava hücumundan müdafiə sistemləri yerləşdirilib. Bütün bu arsenal Pakistanın şəxsi heyəti tərəfindən idarə olunur, əməliyyatın maliyyələşməsini isə tam olaraq Səudiyyə Ərəbistanı öz üzərinə götürüb.

Pakistan Səudiyyə Ərəbistanına niyə kömək edir?

Məsələ burasındadır ki, iki ölkə arasında ötən il imzalanmış qarşılıqlı müdafiə paktı qüvvədədir. Sənədin tam şərtləri məxfi saxlanılsa da, hər hansı hücum zamanı dövlətlərin bir-birini müdafiə etmək öhdəliyi götürdüyü məlumdur.

Pakistanın müdafiə naziri Xavaca Asif daha əvvəl verdiyi bəyanatda bu razılaşmanın Səudiyyə Ərəbistanını Pakistanın nüvə çətiri altına aldığını eyham vurmuşdu ki, bu da regiondakı qüvvələr balansını köklü şəkildə dəyişir.

Yardımın miqyası daha da genişlənə bilər. Məxfi paktın mətnini görmüş mənbələrdən birinin bildirdiyinə görə, sənəd krallığa 80 000-ə qədər pakistanlı hərbçinin yerləşdirilməsi imkanını nəzərdə tutur. Belə bir qruplaşma krallığın sərhədlərinin təhlükəsizliyini tam şəkildə təmin etməyə qadirdir.

Pakistanın İranla müharibədə rolu nədir?

Rəsmi olaraq Pakistan hərbçiləri məsləhətçi rolunu yerinə yetirir və Səudiyyə əsgərlərinin təlimi ilə məşğul olurlar. Lakin kontingentin tərkibi fərqli məqamlardan xəbər verir. Döyüş təyyarələrinin və ağır HHM sistemlərinin mövcudluğu real döyüşlərə hazırlıq səviyyəsini göstərir.

Yeni qüvvələr artıq bölgədə olan hərbi gücü tamamlayır. Əvvəlki müqavilələrə əsasən, minlərlə pakistanlı hərbçi onsuz da krallıqda yerləşirdi. İndi isə onlara yeni bölmələr də qoşulub. Razılaşma həmçinin hərbi dəniz donanmasının da iştirakını nəzərdə tutur. Pakistanın hərbi gəmiləri dənizdəki əməliyyatlara cəlb oluna bilər.

Xatırladaq ki, “The New York Times” qəzetinin yaydığı məlumata görə, Trampın müşavirləri diplomatiyanın tamamilə çıxmaza girəcəyi təqdirdə İrana qarşı hərbi zərbələrin bərpa olunması planını hazırlayıblar. Əməliyyatın bu həftə yenidən başlana biləcəyi istisna edilmir. (Musavat.com)

Related Articles

Bir cavab yazın

Back to top button