Ölkə

“Ağ ölüm”ə qarşı mübarizə: gənclərimizi necə qoruyaq?

Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi təkcə bir xalq, bir cəmiyyət üçün xarakterik problem deyil. Yarım əsrdən çoxdur ki, bəşəriyyət bu qlobal problemdən, onun fəsadlarından əziyyət çəkir. Beynəlxalq leksikonda haqlı olaraq “ağ ölüm” adlandırılan bu asılılıq növü yalnız fərdin fiziki və mənəvi baxımdan məhvinə səbəb olmur, həm də bütövlükdə cəmiyyətin mənəvi sütunlarını sarsıdır, dövlətlərin demoqrafik təhlükəsizliyinə və genofonduna ciddi zərbə vurur.

Artıq uzun illərdir ki, mütəxəssislər narkomaniyanı insanda sonsuz asılılıq yaradaraq onu cəmiyyət üçün faydasız və təhlükəli bir varlığa çevirən qorxunc xəstəlik olaraq qəbul edirlər. Narkotik maddələrin qəbulu insanın mərkəzi sinir sistemini iflic edir, daxili orqanları sıradan çıxarır, immun sistemini tamamilə məhv edərək yoluxucu xəstəliklərin sürətlə yayılmasına münbit şərait yaradır. Xüsusilə gənc nəslin bu bataqlığa sürüklənməsi ciddi narahatlıq doğurur. Çünki söhbət milyonlarla insanın gələcəyinin itirilməsindən gedir. Buna görə də BMT Baş Assambleyası hələ 1987-ci ildə 26 iyun tarixini Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Bu rəmzi günün əsas məqsədi qlobal miqyasda qüvvələri səfərbər etmək, cəmiyyəti asılılığın real fəsadları barədə məlumatlandırmaqdır.

Azərbaycan dövləti də müstəqilliyinin ilk illərindən bu bəlaya qarşı barışmaz mövqe nümayiş etdirir. Ümummilli Lider Heydər Əliyevin narkomanlığa qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzaladığı tarixi fərmanlar bu gün də uğurla icra olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən dövlət proqramları hüquq-mühafizə tədbirlərinin gücləndirilməsini və genişmiqyaslı profilaktik işlərin aparılmasını təmin edir. Narkomaniya ilə mübarizədə ən effektiv vasitə cəmiyyətin bütün təbəqələrinin, dövlət strukturlarının, vətəndaş cəmiyyəti institutlarının və medianın birgə, koordinasiyalı fəaliyyətidir. Yalnız qabaqlayıcı tədbirlər, maarifləndirmə və sağlam həyat tərzinin davamlı təbliği vasitəsilə gənclərimizi bu qlobal təhlükədən sığortalamaq və sağlam gələcəyi təmin etmək mümkündür.

Milli Məclisin deputatı Naqif Həmzəyev AZERFAX.AZ saytına açıqlamasında narkomaniyaya qarşı mübarizəni müasir Azərbaycan dövlətinin daxili siyasətinin ən mühüm prioritet istiqamətlərindən biri kimi xarakterizə edib. Millət vəkili xüsusilə vurğulayıb ki, ölkədə “ağ ölüm”ə qarşı aparılan mübarizə təsadüfi və ya mövsümi xarakter daşımır – bu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən, mükəmməl strateji konsepsiyaya əsaslanan sistemli dövlət siyasətidir:

Fotoda: millət vəkili Naqif Həmzəyev

“Azərbaycan dövləti xalqın genofondunu qorumaq, sağlam gələcəyi təmin etmək üçün qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi istiqamətində fundamental addımlar atır. Parlament səviyyəsində qəbul edilən qanunlar, normativ-hüquqi aktlar və imzalanan beynəlxalq konvensiyalar bu bəlaya qarşı hüquqi cəbhəni maksimum dərəcədə gücləndirib. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilən və uğurla icra olunan milli fəaliyyət proqramları hüquq-mühafizə orqanlarının, xüsusilə də daxili işlər və təhlükəsizlik strukturlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılıq şəbəkələrinə qarşı barışmaz və amansız mübarizə aparmasına tam hüquqi zəmin yaradır”.

Deputatın sözlərinə görə, dövlətin bu istiqamətdə həyata keçirdiyi sistemli tədbirlər həm cəza-tənbeh siyasətini, həm də çoxşaxəli institusional islahatları əhatə edir: “Ölkədə müasir standartlara cavab verən regional reabilitasiya mərkəzlərinin yaradılması, tibbi-sosial bərpa imkanlarının genişləndirilməsi bu xəstəlikdən əziyyət çəkən vətəndaşların yenidən cəmiyyətə qazandırılması məqsədinə xidmət edir”.

N.Həmzəyev ictimai nəqliyyat və nəqliyyat təhlükəsizliyi məsələlərini də rəsmi siyasətin bir parçası kimi diqqətdə saxlanıldığını vurğulayıb. O bildirib ki, dövlətin güclü qanunvericilik rıçaqları sərnişindaşıma sahəsində çalışan şəxslərin daha ciddi “süzgəc”dən keçirilməsini, reysqabağı müayinələrin formal xarakterdən uzaqlaşdırılaraq müasir texnoloji cihazlarla, o cümlədən ekspres-narkotestlərlə təmin olunmasını tələb edir: “Bu, dövlətin öz vətəndaşının həyat və təhlükəsizliyinə verdiyi ali dəyərin göstəricisidir”.

Millət vəkili onu da deyib ki, narkomaniya qlobal bir təhdid olduğu üçün Azərbaycan bu məsələdə beynəlxalq tərəfdaşları ilə sinxron fəaliyyət göstərir və sərhədlərinin təhlükəsizliyini ən yüksək səviyyədə qoruyur:

“Dövlətin qətiyyətli iradəsi, hüquqi bazanın mütəmadi olaraq müasir çağırışlara uyğunlaşdırılması və cəmiyyətin bütün təbəqələrinin bu dövlət xəttini dəstəkləməsi ölkəmizdə narkotik asılılığına qarşı effektiv sipər formalaşdırıb. İnanıram ki, dövlətin idman proqramları, gənclər siyasəti və güclü hüquqi tənzimləmə mexanizmləri sayəsində Azərbaycan gəncliyi bu qlobal təhlükədən qorunacaq, ölkəmiz özünün sağlam, intellektual və vətənpərvər genofondunu uğurla gələcəyə daşıyacaq”.

Təhsil eksperti Məzahir Məmmədli narkomaniyaya qarşı mübarizənin ən effektiv platformasının məhz təhsil müəssisələri olduğunu bildirib. Onun sözlərinə görə, ümumbəşəri bəla olan bu problem preventiv, yəni qabaqlayıcı yollarla həll olunmalıdır:

Fotoda: təhsil eksperti Məzahir Məmmədli

“Yeniyetmələr və gənclər arasında riskli davranışların, zərərli vərdişlərə aludəçiliyin qarşısını almaq məqsədilə orta məktəblərdə və universitetlərdə mütəmadi olaraq mühazirələr, seminarlar və interaktiv görüşlər keçirilməlidir. Düşünürəm ki, gəncləri “ağ ölüm”ün pəncəsindən qorumaq üçün təkcə inzibati cəzalar yetərli deyil, ilkin mərhələdə güclü psixoloji dayaq və düzgün məlumatlandırma mühitinin yaradılması zəruridir. Gənclər və yeniyetmələr təəssüf ki, bəzən psixoloji boşluqdan, bəzən isə yanlış əhatənin təsirindən bu zərərli maddələrə maraq göstərirlər. Bunun qarşısını almaq üçün təhsil ocaqlarında təkcə quru mühazirələr yox, tələbə və şagirdlərin aktiv iştirakı ilə reallaşan interaktiv diskussiyalar, real həyat hekayələrinə əsaslanan video-çarxların nümayişi təşkil edilməlidir. Bu görüşlər gənclərdə asılılığa qarşı daxili bir immunitet, “yox” demək bacarığı formalaşdırır”.

Ekspert qeyd edib ki, təhsil müəssisələrində fəaliyyət göstərən psixoloji xidmət otaqlarının işi canlandırılmalı, şagird və tələbələrin davranışlarında yaranan qəfil dəyişikliklər, dərslərdən yayınma halları vaxtında təhlil edilməlidir. Maarifləndirmə prosesinə valideynlərin də cəlb olunması, ailə-məktəb-gənc üçbucağının sıx əməkdaşlığı mübarizənin səmərəliliyini daha da artırır”.

Məzahir Məmmədlinin qənaətinə görə, gənclərin asudə vaxtının səmərəli təşkili, onların idmana, yaradıcılığa, sosial-ictimai layihələrə yönləndirilməsi təhsil sisteminin narkomaniyaya qarşı açdığı ən böyük və qalib gələ biləcək cəbhədir.

“Maarifləndirmə mərhələsində göstərilən hər bir səy xilas edilmiş bir gəncin həyatı deməkdir. Odur ki, bu problemə münasibətdə hamılıqla səylərimizi birləşdirməliyik”, – Məzahir Məmmədli belə deyib.

Aynur Abdınova / AZERFAX.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button