“UFC Fight Night Baku”: İlkin döyüşlər başa çatdı

Bakıda ilk dəfə təşkil olunan UFC Fight Night turnirində ilkin qarşılaşmalar başa çatıb.
AZERFAX.AZ xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən döyüşlərdə Azərbaycan təmsilçiləri uğurlu nəticələrlə yadda qalıblar.
İlkin görüşlərin sonuncusunda Azərbaycan idmançısı Fərman Həsənov yarımorta çəkidə ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gəlib. Hər üç raund ərzində üstün təsir bağışlayan Həsənov hakimlərin yekdil qərarı ilə qələbə qazanaraq azarkeşləri sevindirib.
Bundan əvvəl keçirilən yarım ağır çəki qarşılaşmasında Türkiyəni təmsil edən Abdul Rahman Yahyaev ABŞ idmançısı Culius Uolker üzərində möhtəşəm qələbəyə imza atıb. O, döyüşün ilk saniyələrində rəqibini nokaut edərək gecənin ən sürətli qələbələrindən birini qazanıb.
Orta çəki dərəcəsində Özbəkistan təmsilçisi Nursulton Ruziboev Rusiya idmançısı Andrey Pulyaevi ilk raundda boğucu fəndlə təslim olmağa məcbur edib.
Yarım yüngül çəkidə Avstraliyanı təmsil edən, əslən türkiyəli Kaan Ofli kolumbiyalı Xavyer Reyes üzərində inamlı qələbə qazanıb. O da ilk raundda boğucu fənd tətbiq edərək döyüşü vaxtından əvvəl başa vurub.
Yarımorta çəkidə Ukrayna təmsilçisi Daniil Donçenko İsveç idmançısı Teodor Berggeni ikinci raundda vaxtından əvvəl məğlub edib.
Ən yüngül çəkidə isə Braziliya təmsilçisi Jan Matsumoto üç raund davam edən gərgin mübarizədən sonra hakimlərin qərarı ilə Qazaxıstanlı Bekzat Almakhana qalib gəlib.
Turnirin açılış qarşılaşmasında Azərbaycan idmançısı Tahir Abdullayev braziliyalı Ceferson Nasimento üzərində qələbə qazanaraq yerli azarkeşlərə ilk sevinc yaşadıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



