Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb

Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.
AZERFAX.AZ Teleqraf-a Qarabağ bürosunun xəbərinə görə, bu gün növbəti köç karvanı ilə Xocavənd şəhərinə 41 ailə, ümumilikdə 163 nəfər yola salınıb. Köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdən ibarətdir.
Doğma yurdlarına qayıdan sakinlər dövlət tərəfindən göstərilən hərtərəfli qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Qayıdış sevincini yaşayan sakinlər, eyni zamanda, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərək onlara Allahdan rəhmət diləyiblər.



