AZERFAX TV

Dünyanın ən qədim kəhrəbası bu ölkədə tapıldı

Çin Elmlər Akademiyasının alimləri Çinin şimal-qərbindəki kömür yataqlarında məlum olan ən qədim kəhrəba nümunəsini aşkar ediblər.

AZERFAX.AZ xəbər verir ki, tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc edilib.

Onun təxminən 385 milyon yaşı var – bu, əvvəlki rekorddan təxminən 65 milyon il daha qədimdir.

Kəşf Orta Devon süxurlarında edilib. Tədqiqatçılar 10 kiloqram kömürdən ölçüsü 0,1 ilə 1,5 millimetr arasında dəyişən 241 mikroskopik fraqment çıxarıblar. Zərrəciklər yalnız ultrabənövşəyi işıq vasitəsilə aşkar edilib və bu işıq altında onlar parlaq şəkildə flüoresanlaşıblar.

Əvvəlcə alimlər kəhrəba tadıqlarına əmin olmayıblar. Yalnız infraqırmızı spektroskopiya və kütlə spektrometriyası da daxil olmaqla bir sıra təhlillərdən sonra tapdıqları materialın fosilləşmiş ağac qətranına aid olduğunu təsdiqləyiblər.

Tədqiqat müəlliflərinin fikrincə, bu kəşf bitki təkamülü haqqında anlayışımızı dəyişdirir. İndiyə qədər mürəkkəb qətranların istehsal qabiliyyətinin daha sonra ortaya çıxdığına və toxum bitkilərinin yayılması ilə əlaqəli olduğuna inanılırdı. Lakin yeni kəhrəba onların meydana gəlməsindən əvvəl də əmələ gəlmişdi ki, bu da qədim bitkilərdə qoruyucu qətran sintez etmək mexanizmlərinin artıq mövcud olduğunu göstərir.

Tədqiqatçılar həmin dövrdə qətranların həşəratlardan daha çox meşə yanğınlarından, parazit göbələklərdən və digər ətraf mühit amillərindən qorunma kimi xidmət etdiyini irəli sürürlər. Orta Devonda quru ekosistemləri yeni formalaşırdı: dinozavrlar hələ mövcud deyildi və bitki mənşəli həşəratlar əhəmiyyətli rol oynamırdı.

Alimlər hesab edirlər ki, bu, yeganə kəşf olmaya bilər. Onlar inanırlar ki, hətta daha qədim kəhrəba nümunələri də qədim kömür təbəqələrində və çöküntü süxurlarında gizlənmiş ola, lakin mikroskopik ölçülərinə görə əvvəllər adi üzvi maddələrlə səhv salına bilər.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button