“Zirə” UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazandı


Azərbaycan təmsilçisi “Zirə” UEFA Konfrans Liqasının I təsnifat mərhələsini uğurla adlayaraq II mərhələyə vəsiqə qazanıb.
AZERFAX.AZ xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv cavab oyununda Gürcüstanda “Torpedo” (Kutaisi) klubunun qonağı olub. “Şengeliya Arena”da keçirilən görüş “Zirə”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 25-ci dəqiqədə Eren Aydın açıb. İlk hissənin sonlarına yaxın, 39-cu dəqiqədə Amin Seydiyev komandasının üstünlüyünü artırıb. Qarşılaşmanın yekun hesabını isə 70-ci dəqiqədə dublunu rəsmiləşdirən Eren Aydın müəyyənləşdirib.
Beləliklə, Sumqayıtda keçirilən ilk oyunda da rəqibini 3:0 hesabı ilə məğlub edən “Zirə” iki oyunun nəticəsinə əsasən 6:0 hesablı üstünlüklə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinə yüksəlib.
Azərbaycan təmsilçisi növbəti mərhələdə Estoniyanın “Payde” klubu ilə qarşılaşacaq. II təsnifat mərhələsinin oyunları 23 və 30 iyul tarixlərində keçiriləcək.



