ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib

Rusiya alimləri 1993–2025-ci illər ərzində Xəzər dənizi və Qara-Boğaz-Göl körfəzinin sahəsinin azalmasını tədqiq ediblər. Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun məlumatına görə, tədqiqat zamanı peyk görüntüləri vasitəsilə dənizin su səviyyəsinin və sahəsinin dəyişməsi izlənilib.
AZERFAX.AZ xəbər verir ki, 1995-ci ildən etibarən Xəzərin səviyyəsi ildə təxminən 10 sm olmaqla, ümumilikdə 3 metrə yaxın aşağı düşüb. 2025-ci ildə dənizin səviyyəsi -29,4 metrə çataraq 1977-ci ildəki tarixi minimumu (-29,0 m) geridə qoyub. Araşdırmalar göstərir ki, 1996-cı ildən bu yana Xəzərin su aynasının sahəsi təxminən 28 644 kvadratkilometr (yəni 7,4%) azalıb. Bu, təxminən Albaniyanın ərazisinə bərabərdir.
Alimlər əvvəlcə dənizin sahəsinin kiçilməsinin buxarlanmanı azaldacağını və suyun azalma sürətini yavaşladacağını gözləyirdilər. Lakin peyk müşahidələri əksini sübut edib: dəniz suyu itirməyə davam edir və hətta bu proses sürətlənib. Belə ki, 2005–2019-cu illərdə dəniz səviyyəsi ildə orta hesabla 8,16 sm azalırdısa, 2020–2024-cü illərdə bu sürət 22,7 sm-ə çatıb.

Tədqiqatın rəhbəri, professor Andrey Kostyanoy bildirib ki, dənizin kiçilməsi buxarlanmaya təsir etsə də, digər amillər – çay axını (xüsusilə Volqa çayının suyunun azalması), havanın temperaturu, külək və yağıntı kimi iqlim dəyişiklikləri daha güclü rol oynayır və dənizin səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Hüseyn İbadlı



