AZERFAX TV

Jirinovskinin nikahdankənar oğlu məhkəməyə üz tutdu: Atasının adını daşımaq istəyir

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) qurucusu və keçmiş lideri Vladimir Jirinovskinin nikahdankənar oğlu Oleq Jirinovski Konstitusiya Məhkəməsinə müraciət edib. O, atalığın tanınması ilə bağlı qanunvericiliyin bəzi müddəalarının Konstitusiyaya uyğunluğunun yoxlanılmasını tələb edir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Oleq Jirinovski hesab edir ki, mövcud prosessual və ailə qanunvericiliyi atalığın müəyyən edilməsi məsələsinə eyni vaxtda əmlak tələbi irəli sürülmədən baxılmasına imkan vermir. Onun sözlərinə görə, məqsədi miras əldə etmək deyil, Vladimir Jirinovskinin xatirəsini və adını qorumaq, həmçinin öz ailə kimliyini hüquqi cəhətdən təsdiqləməkdir.

Məlumata görə, məhkəmələr daha əvvəl də bu məsələni araşdırsa da, qəbul edilən qərarlar sonradan ləğv edilib. Kabarda-Balkarda atalıq faktı əvvəlcə təsdiqlənsə də, yuxarı instansiya hüquqi mübahisənin mövcudluğunu əsas gətirərək qərarı qüvvədən salıb.

Daha sonra Moskvanın Nikulinski Rayon Məhkəməsi Oleq Jirinovskinin iddiasını təmin etsə də, Moskva Şəhər Məhkəməsi bu qərarı da ləğv edib. Məhkəmə hesab edib ki, belə iddia əmlak xarakterli tələb olmadan ayrıca qaydada araşdırıla bilməz.

Oleq Jirinovskinin vəkili Sergey Voloşin bildirib ki, nəticədə onun müdafiəçisi hüquqi baxımdan atasının oğlu kimi tanınmaq imkanından məhrum edilib.

Qeyd edək ki, Vladimir Jirinovski 2022-ci ildə vəfat edib. O, Rusiyada LDPR partiyasının banisi, Dövlət Dumasının uzunmüddətli deputatı və altı dəfə prezidentliyə namizəd olub.

Related Articles

Bir cavab yazın

Back to top button