Ramazan Nəbiyevə vəzifə verildi


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) yeni təyinat olub.
AZERFAX.AZ oxu.az-a istinadən xəbər verir ki, Ramazan Nəbiyev AQTİ-nin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Ramazan Nəbiyev bu təyinata qədər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı. O, 2018-2024-cü illərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində müxtəlif vəzifələrdə, o cümlədən İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2024-cü ilin sentyabrından isə AQTİ-də sədr müavini idi.
Xatırladaq ki, ölkə başçısının 6 iyul 2026-cı il tarixli Sərəncamına əsasən, Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini təyin edilib. Daha əvvəl isə Ə.Nəbiyev 2023-2026-cı illərdə Agentliyin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Məlumat üçün bildirək ki, Ramazan Əli oğlu Nəbiyev 2 may 1987-ci ildə Ağdaş rayonunda anadan olub.
Ali təhsilini Türkiyə Respublikasının Ankara Universitetində “Qida mühəndisliyi” ixtisası üzrə bakalavr, ADA Universitetində isə Biznesin təşkili və idarə edilməsi (MBA) ixtisası üzrə magistr pilləsində alıb.
Əmək fəaliyyətinə özəl sektorda başlayıb. 2013-2018-ci illərdə qida mühəndisi və texnoloq vəzifələrində çalışıb.
2018-2024-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, İdxal və ixraca nəzarət şöbəsinin, eləcə də Qida təhlükəsizliyi şöbəsinin müdiri vəzifələrində işləyib.
2024-2026-cı illərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini olub.
2026-cı il iyulun 15-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Ramazan Nəbiyev ingilis dilini bilir.
Ailəlidir, bir övladı var.



