ABŞ-da tornado və fırtına xəbərdarlığı

Vaşinqton və ətraf rayonlar üçün tornado, fırtına, daşqın və havanın çirklənməsi ilə bağlı xəbərdarlıqlar elan edilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Milli Hava Xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, tornadonun yerli vaxtla saat 21:00-a (Bakı vaxtı ilə bazar günü saat 04:00) qədər davam edəcəyi gözlənilir.
Tornado və qolf topu ölçüsündə dolu yağmasına səbəb ola biləcək fırtına ilə bağlı xəbərdarlıq Merilend ştatının Vaşinqtona qismən bitişik beş dairəsini, həmçinin təxminən 20 yaşayış məntəqəsini əhatə edir. Küləyin sürəti saniyədə 26 metri, dolunun diametri isə 2,5 santimetri keçə bilər.
Fırtına ocağı ABŞ paytaxtından təxminən 80 kilometr şimal-qərbdə qeydə alınıb. Sinoptiklər xəbərdarlıq edirlər ki, dağıdıcı külək ağacların və budaqların aşmasına səbəb olacaq, bu da küçədə olanlar üçün xəsarət təhlükəsi yaradır, evlərə və avtomobillərə zərər verə bilər, yollar isə bağlana bilər.
Vaşinqton, eləcə də Merilend və Virciniyanın bir sıra rayonları üçün daşqın təhlükəsi də elan edilib: həddindən artıq yağıntı səbəbindən çayların və arxların daşması, çökək yerlərin su altında qalması, həmçinin şəhər ərazisində və drenaj sistemi zəif olan yerlərdə subasmalar mümkündür. Bundan əlavə, Merilendin bəzi ətrafları üçün Kanadadakı meşə yanğınlarının səbəb olduğu havanın çirklənməsi ilə bağlı xəbərdarlıq qüvvədədir — bu xəbərdarlıq bazar günü gecə yarısına qədər saxlanılır.
Hüseyn İbadlı



