Dünyanın ən böyük qızıl yatağı kəşf edildi

Argentina ilə Çili sərhədində, And dağlarının dərinliklərində aparılan araşdırmalar zamanı dünyanın ən böyük mədən ehtiyatlarından biri aşkarlanıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Popular Mechanics” məlumat yayıb.
Filo del Sol adlanan ərazidə aparılan 400-dən çox yeni qazma işindən sonra yatağın əvvəlki təxminlərdən təxminən 5 dəfə böyük olduğu müəyyənləşib. İlkin hesablamalara görə, yataqda 907 ton qızıl, 13 milyon ton mis və 18,6 min ton gümüş var.
Yatağın əhəmiyyəti yalnız iqtisadi potensialla məhdudlaşmır. Elektrikli avtomobillər, külək turbinləri və elektrik şəbəkələri üçün vacib olan misdən əlavə, qızıldan telekommunikasiya, elektronika və kosmik sənayedə geniş istifadə olunur.
Lakin bildirilib ki, ehtiyatın çıxarılması asan olmayacaq. Mədən sahəsi Atakama səhrasında, dəniz səviyyəsindən təxminən 5 min metr yüksəklikdə yerləşir. Sərt iqlim və mürəkkəb relyef işçilər və ağır texnikanın daşınması üçün ciddi çətinliklər yaradır.
Kəşf ekoloqların da narahatlığına səbəb olub. Mütəxəssislər böyükmiqyaslı mədənçilik fəaliyyətinin And dağlarının həssas ekosisteminə, xüsusilə buzlaqlara zərər verə biləcəyini bildirirlər.
Müəllif: Roza



