11674 pilləlik yol – Dağın zirvəsinə belə çıxırlar


İsveçrənin Alp dağlarında yerləşən Nisen dağı dünyanın ən uzun pilləkən sistemlərindən biri ilə tanınır.
AZERFAX.AZ xəbər verir ki, dağın yamacında inşa edilən pilləkən sistemi 11674 pillədən ibarətdir və bu göstərici ilə Ginnesin Rekordlar Kitabına düşüb. Təxminən 3,5 kilometr uzunluğa malik quruluş Mülenen kəndindən başlayaraq 2362 metr yüksəklikdəki zirvəyə qədər uzanır. Burada ümumi yüksəklik fərqi 1669 metr təşkil edir.
Məlumata görə, bu pilləkənlər 1910-cu ildə açılan Nisen funikulyor xəttinin texniki xidmət və təmir ehtiyacları üçün inşa edilib və ilin böyük hissəsində ictimai istifadəyə bağlı saxlanılır. Yamacın bəzi hissələrində meyillilik 68 faizə qədər çatır.
Qeyd edək ki, bu unikal marşrutdan yalnız ildə bir dəfə istifadə etmək mümkündür. “Niesen Stairway Run” adlı yarış zamanı məhdud sayda iştirakçı 11674 pilləni qalxaraq zirvəyə çatmağa çalışır. Bəzi idmançılar bu çətin məsafəni bir saatdan da az müddətdə tamamlayır.
Zirvəyə qalxanlar İsveçrə Alplarının və Tun gölünün möhtəşəm mənzərəsini seyr edə bilir. Funikulyorla isə zirvəyə təxminən 30 dəqiqəyə çatmaq mümkündür. Nisen dağı həm təbii gözəlliyi, həm də mühəndislik xüsusiyyəti ilə İsveçrənin ən maraqlı turizm məkanlarından biri sayılır.



