“Qalatasaray”ı qarışdıran iddia: “Benzema gedəcək, Osimhen gələcək”


Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu hücum xəttini gücləndirmək üçün növbəti səs-küylü transferə hazırlaşır. Türkiyə mətbuatında yayılan iddialara görə, Səudiyyə təmsilçisi “Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimheni heyətinə qatmaq üçün plan qurur.
AZERFAX.AZ xəbər verir ki, məlumata əsasən, “Əl-Hilal” Osimhen transferi üçün komandadakı xarici futbolçu limitində yer açmaq niyyətindədir.
Bunun üçün isə klubun fransalı hücumçusu Kərim Benzema ilə yolların ayrılması gündəmə gəlib.
Benzemanın komandadan göndərilməsindən sonra əsas hədəfin Osimhen olacağı bildirilir. Səudiyyə klubunun uzun müddətdir nigeriyalı forvardla maraqlandığı və onun üçün yüksək məbləğ ödəməyə hazır olduğu qeyd edilir. “Əl-Hilal”ın Osimheni daha əvvəl də transfer etmək istədiyi məlumdur.
Hazırkı plan reallaşarsa, bu, “Qalatasaray” üçün ciddi transfer təhlükəsi yarada bilər. İstanbul klubu Osimheni komandada saxlamaq və hücum xəttinin əsas fiqurunu itirməmək istəyir. “Əl-Hilal” isə böyük maliyyə imkanları hesabına rəqib olmağa hazırlaşır.
Qeyd edək ki, Kərim Benzema 2026-cı ilin əvvəlində “Əl-Hilal”a keçib. Türkiyə mətbuatında onun gələcəyi ilə bağlı müxtəlif iddialar yayılır. Son məlumatlara görə, klub rəhbərliyi yeni transferlər üçün heyətdə yer açmağa çalışır.
Viktor Osimenin sarı-qırmızılı klubu tərk edəcəyi ilə bağlı iddia qonşu ölkədə müzakirələrə səbəb olub.



