İsmayıl Kartal “Fənərbaxça” ilə adını tarixə yazdırdı


“Fənərbaxça” UEFA Çempionlar Liqasının ilk turunda doğma meydanda “Roma” ilə 1:1 hesablı heç-heçə edib.
AZERFAX.AZ xəbər verir ki, “Roma”nın heyətində Brayan Kristante 39-cu dəqiqədə hesabı açıb. “Fənərbaxça”nın 18 ildən sonra Çempionlar Liqasındakı ilk qolunu isə 48-ci dəqiqədə Arçi Braun vurub. Məlumata görə, bu nəticə ilə İsmayıl Kartal “Fənərbaxça”nın başında Çempionlar Liqasında xal qazanan ilk türkiyəli baş məşqçi olub.
Qeyd edək ki, “Fənərbaxça” İtaliya klublarına qarşı tarixində 16-cı oyununa çıxıb. Bildirilir ki, İstanbul təmsilçisi bu qarşılaşmalarda “Yuventus”, “Milan”, “İnter”, “Parma”, “Atalanta”, “Fiorentina”, “Latsio”, “Palermo” və “Roma” ilə üz-üzə gəlib. “Fənərbaxça” İtaliya təmsilçilərinə qarşı keçirdiyi matçlarda 4 qələbə, 2 heç-heçə və 10 məğlubiyyət əldə edib.



