Konqres Trampın impiçmentini tələb edən qətnaməni rədd etdi

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni dəstəkləməyib.
AZERFAX.AZ xəbər verir ki, sənədin müzakirəsinin dayandırılmasının lehinə Nümayəndələr Palatasının 232 üzvü səs verib. Konqresin aşağı palatasının 147 üzvü isə bunun əleyhinə çıxış edib.
Qətnamə layihəsini Texas ştatından olan demokrat konqresmen El Qrin hazırlayıb. O, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) və ABŞ Sərhəd və Gömrük Mühafizəsi Xidmətinin (USCBP) fəaliyyəti ilə əlaqədar prezidenti səlahiyyətlərini aşmaqda ittiham edir.
Avqustun 9-da “Reuters” yazıb ki, demokratlar Nümayəndələr Palatasına seçkilərdə qalib gələcəkləri təqdirdə Ağ Evin rəhbəri Donald Trampa qarşı genişmiqyaslı araşdırmalar aparmaq planı hazırlayırlar.
Agentliyin məlumatına görə, Demokratlar Partiyası çağırış vərəqələrindən, sənədlərin tələb edilməsindən, habelə açıq dinləmələrdən istifadə etməklə araşdırmalar aparmağı planlaşdırır. Trampın prezidentliyi dövründə ABŞ administrasiyasının qəbul etdiyi qərarlar, hazırkı ABŞ liderinin maliyyə əlaqələri, iri şirkətlər və Ağ Evlə əməkdaşlıq edən podratçılar diqqət mərkəzində ola bilərlər.
Hüseyn İbadlı



