Ölkə

369 gün ayaqyalın yol getdi

İrlandiyalı Eymon Kiveni qeyri-adi səyahəti ilə Ginnesin Rekordlar Kitabına düşüb. O, İstanbuldan İrlandiyadakı doğma şəhərinə qədər 369 gün ərzində ayaqqabısız gedərək 6 min 805 kilometrdən çox məsafə qət edib.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı Kiveni Türkiyənin İstanbul şəhərindən yola çıxaraq Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya, Almaniya və Fransadan keçib. Daha sonra İngiltərə və Uels ərazisindən keçərək İrlandiyaya çatıb və doğma şəhəri Klermorrisə gedib.

Uzun müddət asfalt yollarda ayaqqabısız yeriməsi nəticəsində onun ayağının altındakı dəri bəzən qanayana qədər aşınıb. O, yol boyu tikan və şüşə qırıqları səbəbindən xəsarətlər aldığını bildirib. Ayağında yaranan infeksiyaya görə isə bir həftə yürüşünü dayandırmalı olub.

Kiveni səfərdən əvvəl ayaqlarını bu çətinliyə hazırlamaq üçün mümkün qədər çox ayaqyalın gəzdiyini və qaçdığını deyib. Onun sözlərinə görə, səyahətin ən çətin tərəflərindən biri hava şəraiti olub. O, yay aylarında, xüsusilə Macarıstanda güclü istilərlə qarşılaşıb, daha sonra isə qışın sərt soyuqlarında yoluna davam edib.

İrlandiyalı səyyah bundan əvvəl də rekord müəyyənləşdirib. O, 2016-cı ildə İrlandiya ərazisində 2 min 80 kilometrdən çox məsafəni ayaqqabısız qət edərək rekord sahibi olub. Yeni səyahətində isə əvvəlki göstəricisini dəfələrlə üstələyib.

Related Articles

Bir cavab yazın

Back to top button