Zelenski ilə Kliçko arasında QALMAQAL: Kiyev üsyan astanasında

Ukrayna prezidenti Vladimir Zelenski ilə Kiyev meri Vitali Kliçko arasında paytaxtın qarşıdan gələn qışa hazırlığı ilə bağlı açıq qarşıdurma yaranıb. Tərəflər enerji infrastrukturunun qorunması və şəhərin qışa hazırlıq səviyyəsi məsələsində bir-birini ittiham ediblər.
AZERFAX.AZ “Le Monde” nəşrinə istinadən xəbər verir ki, uzun müddətdir siyasi rəqib olan Zelenski və Kliçko arasında gərginlik yenidən gündəmə gəlib.
Zelenski şəhər rəhbərliyini enerji obyektlərinin qorunması tədbirlərinin icrasında geri qalmaqda ittiham edib. Onun sözlərinə görə, Kiyev hətta cəbhə xəttinə yaxın və sərhədyanı bölgələrlə müqayisədə qışa daha zəif hazırdır.
Ukrayna prezidenti qeyd edib ki, paytaxt sakinləri də bu vəziyyətin nəticələrini hiss edirlər. Onun sözlərinə görə, hətta pilotsuz uçuş aparatlarının hücumları su və elektrik təchizatında ciddi fasilələrə səbəb olur.
Kliçko isə ittihamları əsassız adlandırıb. O, Prezident Administrasiyasını yerli özünüidarəetməni məhv etməyə və onu şəhər rəhbərliyindən uzaqlaşdırmağa çalışmaqda günahlandırıb.
Mer vurğulayıb ki, onu vəzifəyə sakinlər seçib və o, çətin şəraitdə əlindən gələni edir. Kliçkonun sözlərinə görə, şəhər rəhbərliyi atəşə tutulmalara baxmayaraq, paytaxtın fəaliyyətini təmin etməyə çalışır.
Qışa hazırlıq çərçivəsində Kiyevdə ehtiyat istilik sistemləri yaradılır, yanacaq, ərzaq və içməli su ehtiyatları toplanır. Kliçkonun açıqlamasına görə, hazırlıq tədbirləri bu istiqamətləri əhatə etsə də, ehtiyatların konkret həcmi barədə məlumat verilməyib.
Müəllif: Adəm Abbaslı



