Nuhun gəmisinin izinə düşən tədqiqatçılardan maraqlı tapıntı


Türkiyədə Ağrı dağı yaxınlığında yerləşən və uzun illərdir Nuhun gəmisi ilə əlaqələndirilən Durupınar formasiyasında aparılan son araşdırmalar diqqət çəkib.
AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, müstəqil tədqiqat qrupu ərazidə yeraltı radar müayinələri və qazma işləri apararkən maraqlı strukturlar və ağac qalıqları aşkar etdiklərini açıqlayıb.
Araşdırmaların aparıldığı Durupınar formasiyası 1959-cu ildə hərbi hava fotoşəkillərində qeydə alındıqdan sonra alimlərin və tədqiqatçıların diqqət mərkəzindədir. Gəmi formasını xatırladan, təxminən 157 metr uzunluğundakı bu ərazi bəzi tədqiqatçılar tərəfindən Nuhun gəmisi ilə əlaqələndirilir.
Türkiyə mətbuatında yer alan məlumata görə, “Nuhun Gəmisi Araşdırmaları” adlı müstəqil qrup yeraltı radar və qazma işləri zamanı torpağın təxminən 9 metr dərinliyində otaqları xatırladan boşluqlar, dəhlizəbənzər strukturlar, eləcə də emal olunmuş ağac parçaları aşkarlayıb.
Radar mütəxəssisi, doktor Kosrov Bakhtar əldə edilən nəticələrin 45 illik peşəkar fəaliyyəti ərzində qarşılaşdığı ən diqqətçəkən tapıntılardan biri olduğunu bildirib. Onun sözlərinə görə, qeydə alınan strukturlar adi geoloji qatlarla uyğun gəlmir.
Sivas Cümhuriyyət Universitetinin arxeoloqu, doktor Cenker Atila da yeraltı quruluşun üçqatlı struktur nümayiş etdirdiyinə toxunub. Tədqiqatçı bunun müqəddəs mətnlərdə Nuhun gəmisi ilə bağlı verilən təsvirlərlə müəyyən oxşarlıqlar daşıdığını irəli sürüb.
Layihənin rəhbəri Endryu Cons torpağın dərinliyindən çıxarılan yanmış və yanmamış ağac parçalarının Nuhun gəmisinə aid ola biləcəyini iddia edib.
Onun fikrincə, bu tapıntılar ərazinin yalnız təbii geoloji proseslər nəticəsində formalaşdığı ehtimalını şübhə altına alır. Cons ağac qalıqlarındakı yanıq izlərinin ildırım düşməsi və ya keçmişdə ərazidən sığınacaq kimi istifadə edən insanların yandırdığı ocaq nəticəsində yarana biləcəyini də istisna etməyib.
Mütəxəssislər tapılan ağac qalıqlarının isə bölgənin qədim yaşayış tarixi ilə əlaqəli başqa tikililərə, köhnə sığınacaqlara və ya torpaq sürüşməsi nəticəsində əraziyə daşınmış materiallara aid ola biləcəyini bildirirlər.



