Ölkə

Britaniyalı turistlər Azərbaycanı kifayət qədər tanımırlar

“Azərbaycan çox gözəl və rəngarəng ölkədir. Lakin britaniyalı turistlərin əsas problemi Azərbaycan haqqında kifayət qədər məlumatlı olmamalarıdır”.

AZERFAX.AZ xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman mətbuat konfransında iki ölkə arasında turizm əməkdaşlığının inkişaf perspektivləri ilə bağlı sualı cavablandırarkən bildirib.

Səfir Azərbaycana səfərləri zamanı ölkənin təbiəti, turizm imkanları və müxtəlifliyi ilə yaxından tanış olduğunu, gördüklərinin onda müsbət təəssürat yaratdığını qeyd edib.

“Azərbaycanı çox sevirəm. İndiyədək burada gördüyüm yerlər məndə böyük təəssürat yaradıb. Bura çox gözəl və rəngarəng ölkədir. Lakin britaniyalı turistlər üçün əsas məsələ Azərbaycanı kifayət qədər tanımamalarıdır”, – deyə diplomat bildirib.

Dunkan Norman hesab edir ki, Azərbaycanın Böyük Britaniyada turizm istiqaməti kimi daha geniş tanıdılması üçün hər iki ölkənin diplomatik nümayəndəlikləri fəal rol oynamalıdır.

“Düşünürəm ki, həm Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, həm də Azərbaycanın Londondakı səfirliyi ölkənizin Britaniya ictimaiyyəti arasında tanıdılmasına mühüm töhfə verə bilər”, – deyə o vurğulayıb.

Səfir bu baxımdan Bakıda keçirilən Formula 1 yarışlarının xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Formula 1 Böyük Britaniyada olduqca populyardır. Yarışların Britaniya televiziyalarında yayımlanması zamanı tamaşaçılar Bakının küçələrini və şəhərin gözəlliyini görmək imkanı əldə edirlər. Bu, Azərbaycanın tanıdılması üçün çox yaxşı fürsətdir”, – deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, Formula 1 yarışlarından Azərbaycanın beynəlxalq turizm bazarında təşviqi üçün daha geniş istifadə olunmalıdır.

Dunkan Norman Azərbaycanın Britaniya turizm bazarında daha məqsədyönlü şəkildə tanıdılmasının vacibliyini vurğulayıb.

“Mən də bu işə öz kiçik töhfəmi verməyə hazıram. Azərbaycanın müxtəlif bölgələrinə səfər etdikdə gördüyüm gözəl yerləri sosial şəbəkələrdə paylaşıram. Bundan sonra da bunu davam etdirəcəyəm. Lakin Azərbaycanın gözəlliklərini və turizm imkanlarını Böyük Britaniyada daha geniş tanıtmaq üçün əlaqələndirilmiş və ardıcıl səylərə ehtiyac var”, -deyə səfir əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button