Alimlər balinaların DNT-sini yeni üsulla əldə etdilər


Alimlər donqar balinaların DNT-sini onlara toxunmadan, sadəcə nəfəsindən götürülən nümunələr vasitəsilə əldə ediblər.
AZERFAX.AZ xəbər verir ki, Şotlandiyanın Sent-Endryus Universitetinin alimləri Kanadanın Britaniya Kolumbiyası sahillərində apardıqları araşdırma zamanı bu üsulla balinaların tam genomunu ardıcıllıqla müəyyənləşdirməyə nail olublar.
“Molecular Ecology Resources” elmi jurnalında dərc olunan tədqiqat çərçivəsində alimlər xüsusi qurğularla təchiz edilmiş dronlardan istifadə ediblər. Dronlar balinaların suyun üzərinə çıxaraq nəfəs verdiyi zaman havaya yayılan bioloji damcıların arasından uçurulub. Nümunələr steril qablar vasitəsilə toplanıb.
Tədqiqat zamanı 26 donqar balinadan ümumilikdə 58 nümunə götürülüb. Laboratoriya analizləri göstərib ki, nümunələrdəki DNT-nin orta hesabla 84 faizi birbaşa balinalara məxsusdur.
Əldə olunan genetik məlumatlar ənənəvi üsulla götürülən toxuma nümunələrinin nəticələri ilə də uyğun gəlib. Alimlər bu üsulla balinaların cinsini müəyyənləşdirib, genetik müxtəlifliyi araşdırıb və əvvəllər təsvir edilməmiş üç mitoxondrial DNT variantı aşkarlayıblar.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də odur ki, nümunələrdəki DNT-nin təxminən 16 faizi balinaların tənəffüs yollarında yaşayan mikroorqanizmlərdən qaynaqlanır. Bu isə gələcəkdə heyvanların yalnız genetik xüsusiyyətlərini deyil, sağlamlıq vəziyyətini də nəfəs nümunələri vasitəsilə öyrənməyə imkan verə bilər.
Tədqiqatçılar hesab edirlər ki, yeni üsul balinaların genetik sağlamlığını izləmək, ailə əlaqələrini müəyyənləşdirmək və dəniz canlılarının qorunması istiqamətində mühüm imkanlar yaradacaq.
Qeyd edək ki, bu metodun əsas üstünlüyü heyvanlardan dəri və piy toxuması götürmək üçün istifadə edilən invaziv prosedurlara ehtiyac yaratmamasıdır.



