“Qadın milli yaddaşın və ictimai düşüncənin formalaşmasında aparıcı qüvvədir”


“Qadın yalnız ailədaxili rolu ilə deyil, həm də milli yaddaşın və sağlam ictimai düşüncənin formalaşmasında iştirakı ilə cəmiyyətin inkişafına töhfə verir”.
AZERFAX.AZ-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Azərbaycanın ictimai fikir tarixində qadınların təhsil və maarifçilik sahəsində fəallığı mühüm yer tutur. Şərqdə qızlar üçün ilk dünyəvi məktəbin açılması və qadınlara seçki hüququnun verilməsi bu sahədə tarixi nailiyyətlərdəndir.
Ramin Məmmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin əsas istiqamətlərindən biri qadınların hüquqlarının qorunması, təhsil imkanlarının artırılması və ictimai-siyasi həyatda təmsilçiliyinin genişləndirilməsidir.
Komitə sədri Azərbaycan qadınlarının dini-mənəvi irsin qorunmasında da mühüm rol oynadığını vurğulayıb. O, Gövhər ağanın Şuşada məscidlərin, Nabat xanım Aşurbəyovanın isə Təzəpir məscidinin tikintisini maliyyələşdirməsini bu ənənənin nümunələri kimi göstərib. Bildirib ki, Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirdiyi layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin bərpası bu ənənəni davam etdirir.
Ramin Məmmədov qadınların dini maarifləndirmədə iştirakının əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, dini biliklərin elmi əsaslarla öyrənilməsi, xurafatla sağlam dini düşüncənin fərqləndirilməsi baxımından qadınların maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Komitə sədri Azərbaycan İlahiyyat İnstitutunda hazırda 318 tələbənin təhsil aldığını, onlardan 98-nin qız olduğunu bildirib. Bundan əlavə, 4 qız tələbə magistratura səviyyəsində təhsilini davam etdirir. İndiyədək institutdan ümumilikdə 145 qadın məzun olub. Bakı İlahiyyat Kollecində isə hazırda 19 qız tələbə təhsil alır.
O, həmçinin tələbə qızların akademik nailiyyətlərinin və ictimai fəallığının dəstəklənməsi məqsədilə müxtəlif təqaüd proqramlarının təsis edildiyini qeyd edib.
“Qadın ailədaxili rolu ilə məhdudlaşmır. O, eyni zamanda, milli yaddaşın, mənəvi ənənələrin, sağlam ictimai düşüncənin formalaşmasında iştirak edən aparıcı intellektual və ictimai qüvvədir”, – deyə Ramin Məmmədov vurğulayıb.



