“Bütün ailəmiz bilirdi” – Anar və Ada barədə ailədən açıqlama


Ötən gün Lökbatan qəsəbəsində baş verən ağır yol qəzasında həyatını itirən ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman və sürücü Anar Kərimovun şəxsi həyatı ilə bağlı yayılan məlumatlara ailədən münasibət bildirilib.
AZERFAX.AZ xəbər verir ki, Anar Kərimovun həyat yoldaşının qardaşı Toğrul İsmayıl Modern.az-a açıqlamasında sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Onun sözlərinə görə, qəza ilə bağlı ilkin rəsmi məlumatda Anarın atasının adı texniki səhv nəticəsində yanlış göstərilib. Bəzi xəbər saytları isə bu məlumat əsasında araşdırma aparmadan Anarın tanınmış iş adamının oğlu olması barədə xəbərlər yayıb.
Toğrul İsmayıl Anarın hadisə zamanı içkili olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. O, bu iddianı təsdiqləyən əsaslı faktın olmadığını və ekspertiza nəticələrində belə bir məlumatın təsdiqlənmədiyini deyib.
Ailə üzvü Ada Süleymanla Anar Kərimov arasındakı münasibətə də aydınlıq gətirib. Bildirib ki, onların münasibəti uzun illərdir dostluq çərçivəsində olub və ailənin bütün üzvləri bundan xəbərdar imiş.
“Anar Kərimov şirkətlərin birində sadə işçi olub. Ada Süleymanla münasibətləri isə uzun zamandır dostluq səviyyəsində idi. Bunu mən də bilirdim. Bütün ailəmiz bilirdi və həmin ad günündə iştirakından da xəbərdar idik”, – deyə T.İsmayıl vurğulayıb.
O, dəqiqləşdirilməmiş məlumatların yayılmasını tənqid edərək, ailənin yaşadığı faciədən istifadə edilməsinin yolverilməz olduğunu bildirib.
Qeyd edək ki, Ada Süleyman və Anar Kərimovun həyatını itirdiyi qəza aparıcının dostları ilə doğum gününü qeyd etməsindən sonra baş verib.



