Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür


Bu gün Kəlbəcərin Ermənistanın işğalından azad edilməsinin altıncı ildönümüdür. 2020-ci il noyabrın 25-də rayon Azərbaycanın nəzarətinə qaytarılıb və 27 illik işğala son qoyulub.
AZERFAX.AZ xəbər verir ki, Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi noyabrın 8-də Şuşanın azad edilməsi ilə həlledici mərhələyə qədəm qoyub. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli Bəyanat imzalanıb.
Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılmalı idi. İlkin olaraq noyabrın 15-dək nəzərdə tutulan təhvil müddəti Ermənistan tərəfinin müraciəti ilə 10 gün uzadılıb. Nəticədə, 2020-ci il noyabrın 25-də Kəlbəcər Azərbaycanın nəzarətinə keçib.
İşğal dövründə rayonun yaşayış məntəqələri, tarixi və dini abidələri dağıdılıb, ərazilərə ciddi ziyan vurulub. Ermənistan silahlı qüvvələri rayonu tərk edərkən evləri və digər tikililəri yandırıb, yolları və müxtəlif əraziləri minalayıb.
Minalanmış ərazilər sonrakı dövrdə də insan tələfatına səbəb olub. 2021-ci il iyunun 4-də Susuzluq kəndi yaxınlığında jurnalistləri daşıyan avtomobil tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və yerli icra nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər yaralanıb.
Qeyd edək ki, üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb.
Prezident İlham Əliyevin sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edilib. Həmçinin Kəlbəcərin azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların təltif edilməsi məqsədilə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olunub.



