Ayətullah Xamenei harada öldürülüb? – Yerli KİV AÇIQLADI

İslam Respublikasının ali rəhbəri Əli Xamenei şənbə günü səhər saatlarında iş yerinə edilən hücum nəticəsində həlak olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Yayılan məlumatda qeyd olunur ki, ruhani lider həlak olduğu anda öz ofisində dövlət işləri ilə məşğul imiş. Agentlik baş verənləri şənbə gününün ilk saatlarında həyata keçirilmiş xain hücum kimi xarakterizə edib.
Şənbə günü ABŞ və İsrail İran ərazisindəki obyektlərə, o cümlədən Tehrana bir sıra zərbələr endirib; dağıntılar və mülki şəxslər arasında ölümlər barədə məlumatlar verilib. İran buna cavab olaraq İsrail ərazisinə, eləcə də ABŞ-ın Yaxın Şərq bölgəsindəki hərbi obyektlərinə raket zərbələri endirib.
Bundan əvvəl İran dövlət televiziyası ölkənin ali rəhbəri ayətullah Əli Xameneinin ölümünü rəsmən təsdiqləmişdi. Efirdə onun şəhidlik zirvəsinə ucaldığı barədə məlumat səsləndirilib. Bənzər məlumat dövlət televiziyasının “Telegram” kanalında da yerləşdirilib və onun şəhid olduğu vurğulanıb. Hadisənin təfərrüatları hələlik açıqlanmır.
Buna qədər isə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində ABŞ və İsrailin İran ərazisinə endirdiyi kütləvi zərbələrdən sonra Xameneinin taleyi ilə bağlı ziddiyyətli məlumatlar dövr edirdi. Ötən gün onun “X” səhifəsində düşən qılıncların təsvir olunduğu müəmmalı bir paylaşım edilmişdi ki, bu da bir çox müşahidəçilər tərəfindən hakimiyyətin ötürülməsinə işarə kimi yozulmuşdu.
Hüseyn İbadlı



