AZERFAX TV

İrəvanda Azərbaycan irsi bir əsrdir məhv edilir

Qərbi Azərbaycanın ən qədim və mühüm şəhərlərindən biri hesab olunan İrəvan tarix boyu regionun siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Şəhər müxtəlif dövrlərdə Azərbaycan dövlətlərinin tərkibində olub və burada Azərbaycan xalqına məxsus zəngin maddi-mədəni irs formalaşıb. Lakin son yüzillikdə şəhərin tarixi siması dəyişdirilib və Azərbaycan irsinin böyük hissəsi məhv edilib.

Mövzu ilə bağlı AZERFAX.AZ-a danışan AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirdi ki, İrəvan şəhərinin tarixi çox qədim dövrlərə gedib çıxır və bu ərazi əsrlər boyu müxtəlif türk tayfalarının yaşadığı məkanlardan biri olub. Onun sözlərinə görə, hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar, eləcə də oğuz və qıpçaq türkləri bu bölgədə yaşayaraq regionun etnik və mədəni formalaşmasında mühüm rol oynayıblar.

Tarixçi qeyd etdi ki, İrəvanın şəhər kimi inkişafı xüsusilə orta əsrlərdə sürətlənib. Onun sözlərinə görə, XVI əsrin əvvəllərində I Şah İsmayılın tapşırığı ilə vəziri Rəvanqulu xan tərəfindən Zəngi çayının sahilində möhkəm qala tikilib. Bu qala tikdirənin adı ilə əvvəlcə “Rəvan qalası” adlandırılıb, zaman keçdikcə isə xalq arasında “İrəvan” kimi işlədilməyə başlayıb. Qalanın ətrafında tədricən böyük yaşayış məskəni formalaşıb və şəhər regionun strateji mərkəzlərindən birinə çevrilib.

Cəbi Bəhramovun sözlərinə görə, sonrakı dövrlərdə şəhər İrəvan xanlığının paytaxtı olub və bu xanlıq regionda mühüm siyasi güclərdən biri kimi çıxış edib. O bildirdi ki, xanlıq dövründə şəhərdə və onun ətrafında çoxsaylı yaşayış məntəqələri, qalalar, karvansaralar, hamamlar, məscidlər və digər memarlıq abidələri inşa edilib. Tarixçi qeyd etdi ki, həmin dövrdə bölgədəki toponimlərin böyük əksəriyyəti Azərbaycan mənşəli olub və bu fakt müxtəlif mənbələrdə öz əksini tapıb.

Onun sözlərinə görə, İrəvan şəhəri tarix boyu bir sıra müharibələrin mərkəzində qalıb və Osmanlı-Səfəvi, Rusiya-Türkiyə, eləcə də Rusiya-Qacar qarşıdurmaları zamanı dəfələrlə hücumlara məruz qalıb. Buna baxmayaraq, şəhər uzun müddət regionun mühüm qalalarından biri kimi fəaliyyət göstərib və xarici hücumlara qarşı müqavimət göstərib.

Tarixçi bildirdi ki, XIX əsrin əvvəllərindən etibarən bölgədə siyasi vəziyyət dəyişib və çar Rusiyasının siyasəti nəticəsində demoqrafik və inzibati dəyişikliklər baş verib. Onun sözlərinə görə, 1828-ci ildə çar I Nikolayın fərmanı ilə Azərbaycan torpaqlarının bir hissəsində “erməni vilayəti” yaradılıb, sonradan isə bu ərazilər əsasında İrəvan quberniyası formalaşdırılıb.

Cəbi Bəhramov qeyd etdi ki, XX əsrin əvvəllərində regionda baş verən siyasi proseslər nəticəsində şəhərin taleyi yenidən dəyişib. Onun sözlərinə görə, 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti beynəlxalq təzyiqlər və siyasi şərtlər fonunda İrəvan şəhərini ermənilərə güzəştə getmək qərarı verib.

Tarixçi vurğuladı ki, sonrakı illərdə şəhərin tarixi siması ciddi şəkildə dəyişdirilib. İrəvanda mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, eləcə də müxtəlif karvansaralar və hamamlar kimi çoxsaylı tarixi-memarlıq abidələri dağıdılıb və ya izləri silinib.

Cəbi Bəhramov bildirdi ki, hazırda şəhərdə qalan azsaylı məscidlərdən biri olan Göy məscid də fərqli şəkildə təqdim olunur və onun Azərbaycan tarixi ilə bağlılığı inkar edilir. Tarixçinin fikrincə, bütün bunlar regionun real tarixinin təhrif olunmasına və Azərbaycan xalqının həmin ərazilərdəki tarixi-mədəni izlərinin silinməsinə yönəlmiş siyasətin nəticəsidir.

O əlavə etdi ki, İrəvan şəhərinin tarixi qatlarında Azərbaycan xalqına məxsus mədəniyyət nümunələrinin izləri qalmaqda davam edir və bu fakt müxtəlif tədqiqatlarda da qeyd olunur. Tarixçi hesab edir ki, həmin irsin qorunması və beynəlxalq ictimaiyyətə çatdırılması vacib məsələlərdən biridir.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button