Putin-Zelenski görüşü ilə bağlı yeni açıqlama: Maneələr var

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında mümkün birbaşa danışıqlar hipotetik olaraq təşkil edilə bilər, lakin bunun qarşısında formal hüquqi maneələr mövcuddur.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Lenta.ru”ya açıqlamasında politoloq Yevgeni Minçenko bildirib.
Onun sözlərinə görə, Vladimir Zelenski ilə birbaşa danışıqlar məsələsində əsas sual Ukrayna tərəfinin legitimliyi və imzalanacaq sənədlərin hüquqi qüvvəsi ilə bağlıdır.
“Formal olaraq prezidentin səlahiyyət müddətinin başa çatması səbəbindən belə razılaşmaların sonradan Ukrayna tərəfindən tanınması ilə bağlı suallar yaranır”, – deyə o qeyd edib.
Minçenko əlavə edib ki, Moskva ilə Kiyev arasında əldə oluna biləcək nəticələrin hüquqi rəsmiləşdirilməsi problemi də mövcuddur.
Rusiya prezidenti Vladimir Putin isə mayın 9-da açıqlamasında Zelenski ilə görüşdən heç vaxt imtina etmədiyini bildirib. Onun sözlərinə görə, belə danışıqlar üçüncü ölkədə də baş tuta bilər, lakin əsas məqsəd yalnız uzunmüddətli yekun razılaşmaların imzalanmasıdır.
Politoloq qeyd edib ki, bu cür görüşlər istənilən məkanda təşkil oluna bilər, əsas məsələ əldə olunacaq razılaşmaların icra mexanizmidir.



