Məcburi köçkünlük dövrü başa çatıb, “Böyük Qayıdış” dövrü başlayıb – Statusun ləğvi nəyə xidmət edir?

Milli Məclisdə müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişikliklər bəzi dairələr tərəfindən yanlış olaraq məcburi köçkünlərə verilən imtiyazların dayandırılması kimi təqdim edilir. Halbuki məsələyə hüquqi və siyasi baxımdan yanaşdıqda tamamilə fərqli mənzərə ortaya çıxır. Bunu Azerfaks.az-a açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədr müavini, AzKoin Milli Kriptovalyuta Layihəsinin media təmsilçisi Nicat Dağlar deyib.

O qeyd edib ki, bu dəyişikliklər ilk növbədə Azərbaycanın əldə etdiyi tarixi Zəfərin yaratdığı yeni reallıqlardan irəli gəlir: “Dövlət artıq uzun illər davam edən məcburi köçkünlük probleminin idarə olunması mərhələsindən həmin problemin aradan qaldırılması və vətəndaşların doğma yurdlarına qayıdışının təmin edilməsi mərhələsinə keçib.
Bu gün həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış məntəqələri salınır, infrastruktur qurulur, məşğulluq imkanları yaradılır və vətəndaşların daimi məskunlaşması üçün hərtərəfli şərait formalaşdırılır. Müzakirə olunan dəyişikliklər də məhz bu yeni mərhələnin hüquqi bazasının təkmilləşdirilməsinə xidmət edir.

N.Dağlar qeyd edib ki, burada əsas məqsəd sosial-iqtisadi reinteqrasiyanın gücləndirilməsi, mülkiyyət hüquqlarının tam təmin olunması, daimi yaşayışın təşviqi və sosial dəstək mexanizmlərinin yeni şəraitə uyğunlaşdırılmasıdır:
“Başqa sözlə, söhbət hansısa hüququn və ya sosial təminatın ləğvindən deyil, müvəqqəti köçkünlük statusundan normal yaşayış və inkişaf mərhələsinə keçiddən gedir. Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra formalaşan yeni dövlət siyasətinin məntiqi davamıdır. Müharibə və məcburköçkünlük dövrü başa çatıb. Qarşıda duran əsas vəzifə vətəndaşlarımızın öz doğma torpaqlarında təhlükəsiz, layiqli və davamlı həyatının təmin edilməsidir. Qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər də məhz bu məqsədə xidmət edir” deyə Dağlar əlavə edib.



