Ölkə

ANAMA və Ukrayna arasında Anlaşma Memorandumu imzalandı


Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) ilə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (SESU) arasında Anlaşma Memorandumu imzalanıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.


Bildirilib ki, oktyabrın 22-23-də ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov Yaponiyanın Tokio şəhərində təşkil edilən Ukraynada Mina Fəaliyyəti üzrə Konfransda (UMAC 2025) iştirak edir.

Ümumilikdə 400-ə yaxın nümayəndənin iştirak etdiyi Konfransda bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri təmsil olunur.

Vüqar Süleymanov Konfransın birinci plenar sessiyasında çıxış edərək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud mina probleminin miqyası, törətdiyi fəsadlar, eləcə də həmin problemin aradan qaldırılması istiqamətində qarşıda duran vəzifə və hədəflər haqda məlumat verib. Bildirib ki, mina təhlükəsi sərhədlərlə məhdudlaşmır, mina problemi qlobal miqyasda ən ciddi humanitar problemlərdən biridir.

Konfransda müxtəlif ölkələrin dövlət qurumlarının rəsmiləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri panel sessiyalarda çıxış və iştirak ediblər. Sessiyalarda minatəmizləmə sahəsində potensialın artırılması, rəqəmsallaşmanın rolu, texnoloji innovasiyalar və digər aidiyyəti mövzularda müzakirələr aparılıb.

Konfrans çərçivəsində ANAMA ilə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (SESU) arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimi İdarə Heyətinin sədri Vüqar Süleymanov və Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin rəhbərinin müavini Roman Prymuş arasında baş tutub.

“Humanitar minatəmizləmə üzrə Azərbaycan Respublikasında təlimlərin keçirilməsinə dair” Anlaşma Memorandumu SESU-nun humanitar minatəmizləmə üzrə mütəxəssislərinə Agentlik tərəfindən Azərbaycanda müvafiq təlimlərin keçirilməsini özündə ehtiva edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button