Ölkə

Bakı-Sumqayıt yolundakı tıxac azalacaq?


Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Şamaxı yolunun sağ hissəsində) yeni avtobus üçün park tikiləcək. Bəs avtobusların artırılması Xırdalan yolunun tıxacını azalda bilər?

Nəqliyyat eksperti İlqar Hüseynli AZERFAX.AZ-a açıqlamasında bildirib ki, avtobus parkının tikilməsi ilə xəttə daha çox avtobusun buraxılması və ya tıxacların aradan qaldırılması arasında birbaşa əlaqə yoxdur:


“Avtobus parkı Xırdalanda əsasən texniki məqsədlər üçün inşa edilə bilər. Burada avtobusların texniki baxışı, servisi, istismara yararsız nəqliyyat vasitələrinin saxlanılması, yeni avtobusların yerləşdirilməsi və park edilməsi kimi məsələlər həyata keçirilə bilər. Eyni zamanda, daşıyıcı şirkətlər tərəfindən sürücülər üçün təlimlərin və toplantıların keçirilməsi də bu ərazidə mümkündür. Avtobusların sayının artırılması və ya azaldılması isə birbaşa sərnişin daşımalarını həyata keçirən özəl şirkətlərin maliyyə dayanıqlığından asılıdır. Bu, avtobus parkının mövcudluğu ilə bağlı məsələ deyil”.

İ.Hüseynli indiki vəziyyətdə avtobusların xəttə buraxılmasının tıxaclara təsir edib-etməyəcəyi məsələsinə də toxunub:

“Məlum olduğu kimi, Xırdalan–Bakı istiqamətində avtobusların hərəkəti üçün ayrıca zolaq mövcuddur və avtobuslar bu zolaqla Şamaxinka ərazisinə qədər rahat hərəkət edə bilirlər. Lakin Şamaxinkadan sonra, 20 Yanvar dairəsinə yaxınlaşana qədər avtobuslar da digər nəqliyyat vasitələri kimi tıxacda qalırlar. Bu baxımdan, avtobusların sayının artırılması şəxsi avtomobillərlə hərəkət edən sürücülər üçün tıxac problemini aradan qaldırmır. Tıxac necə mövcuddursa, eyni şəkildə qalır”.

Ekspertin sözlərinə görə, tıxacların azaldılmasının əsas həlli yol infrastrukturunun genişləndirilməsi ilə bağlıdır:

“Buraya hərəkət zolaqlarının sayının artırılması, yol ötürücülərinin çoxaldılması, Bakı şəhərinə Sumqayıt istiqamətindən giriş və çıxış imkanlarının genişləndirilməsi daxildir. Bakı–Sumqayıt və Xırdalan istiqamətlərində yol şəbəkəsi nə qədər genişləndirilərsə, tıxacların azalmasına bir o qədər yaxınlaşmaq mümkün olacaq”.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button