Siyasət

Dağ-mədən və metallurgiya sənayesi yeni inkişaf mərhələsinə daxil olur

Xanlar Fətiyev – Milli Məclisin deputatı

Azərbaycanda inkişafın əsas xüsusiyyətlərindən biri hər sahə üzrə müvafiq dövlət proqramının qəbul edilməsidir. İndiyə qədər respublikamızda Prezident İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişafla bağlı bir neçə dövlət proqramı icra olunub. Son dövrlərdə isə kənd təsərrüfatı, turizm, nəqliyyat, qida təhlükəsizliyi sahələrinə dair dövlət proqramları, o cümlədən rəqəmsal iqtisadiyyatın inkişafı, su ehtiyatlarından səmərəli istifadə ilə bağlı strategiyalar qəbul edilib.

Ölkəmizin təcrübəsi göstərir ki, qarşıda duran vəzifələrin konkret proqramlar şəklində müəyyən olunması daha effektiv və məqsədəmüvafiqdir. Prezident İlham Əliyevin sentyabrın 22-də “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirədə qeyd etdiyi kimi, bu proqramlar həm ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına və müasir infrastrukturla təmin olunmasına xidmət edəcək. Son dövrlərdə qəbul edilmiş əsas dövlət proqramları konkretdir, qısamüddətlidir və icrası üçün dövlət büdcəsində maliyyə təminatı nəzərdə tutulur.

Prezident İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu proqram ölkənin zəngin mineral-xammal ehtiyatlarından səmərəli istifadə olunması, dağ-mədən və metallurgiya sənayesinin müasir tələblər əsasında inkişaf etdirilməsi, bu sahədə istehsal potensialının genişləndirilməsi və yeni iqtisadi imkanların yaradılması istiqamətində qarşıya qoyulan vəzifələrin sistemli şəkildə həyata keçirilməsinə xidmət edir.

Mineral-xammal ehtiyatlarından səmərəli istifadə, o cümlədən dağ-mədən və metallurgiya sənayesinin inkişaf etdirilməsi bu potensiala malik olan hər bir ölkənin iqtisadi yüksəlişi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatında enerji sektoru aparıcı mövqedədir. Lakin qlobal iqtisadi tendensiyalar, enerji bazarlarında müşahidə olunan proseslər, yeni çağırışlar, o cümlədən yaşıl transformasiya dağ-mədən və metallurgiya sənayesinin inkişafını, bu sahədə ixracyönümlü istehsalın genişləndirilməsini zəruri edir. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi də qeyd olunan məsələlərin aktuallığını nümayiş etdirir.

Azərbaycan əraziləri yalnız neft və qaz deyil, həm də qara, əlvan və qiymətli metallar, habelə strateji əhəmiyyətli minerallarla zəngindir. Ərazilərimizdə böyük həcmdə metal filiz ehtiyatları, qiymətli minerallar və digər faydalı qazıntılar var. Cənab Prezident İlham Əliyev müşavirədə bu barədə ətraflı bəhs edərək yeni Dövlət Proqramının qarşısında dayanan vəzifələri və hədəflərin nədən ibarət olduğunu, hansı işlərin görüləcəyini diqqətə çatdırdı.

Qeyd etmək lazımdır ki, hələ sovet dövründə neft sənayesi prioritet olduğu üçün Azərbaycan ərazilərində aşkar edilmiş metal yataqları geniş şəkildə hasilata cəlb olunmamışdı. Müstəqillik illərində isə həmin yataqların böyük əksəriyyəti Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qalmışdı. Kəlbəcər, Laçın, Zəngilan və Tərtərdə qızıl, gümüş, civə, mis, qurğuşun yataqları mövcuddur. İşğal illərində həmin yataqlar Ermənistan tərəfindən talan olunub, hasil olunan metallar xarici bazarlara satılıb. Həmin dövrdə Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsullarının xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunub. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, bizim təbii resurslarımız – qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Bu zaman isə işğalçılar tərəfindən ekologiyaya, meşə və torpaq fonduna böyük zərər vurulub, çaylarımız çirkləndirilib. Qarabağ və Şərqi Zəngəzurdakı təbii ehtiyatlar artıq Azərbaycan dövlətinin sərəncamına qayıdıb və qəbul edilən yeni Dövlət Proqramında qarşıya qoyulan vəzifələrdən irəli gələrək onların istismarı qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsinə, iş yerlərinin yaradılmasına, ixrac potensialımızın artırılmasına imkan verəcək.

İşğaldan azad edilmiş ərazilərlə yanaşı, Naxçıvan Muxtar Respublikası da faydalı qazıntılarla zəngindir. Cənab Prezidentin bildirdiyi kimi, Naxçıvanda da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir və gələn ildən burada geoloji kəşfiyyat işlərinə başlanılacaq.

Onu da qeyd etməliyik ki, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək işlərdə özəl sektorun da iştirakına geniş şəraitin yaradılması olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki bu, ilk növbədə dağ-mədən sənayesi üçün əlavə investisiyaların cəlb olunması deməkdir.

Dövlət başçısının qarşıya qoyduğu ən ümdə vəzifə isə ondan ibarətdir ki, hasil edilən təbii resurslar sadəcə xammal şəklində xarici bazarlara çıxarılmamalıdır. Əlbəttə ki, mineral-xammal ehtiyatlarının hasilatından emalına və məhsula çevriləsinə qədər bütün mərhələləri əhatə edən, daha yüksək əlavə dəyər yaradan istehsal zəncirinin formalaşdırılması respublikamıza böyük iqtisadi dividend gətirə bilər. Çünki bu istehsal zənciri dünya bazarlarına hazır metal məhsulların ixrac olunması, daha çox gəlir əldə edilməsi, regionların iqtisadi fəallığının artırılması, yeni iş yerlərinin yaradılması deməkdir. Belə yanaşma Azərbaycanın təbii sərvətlərindən daha səmərəli istifadə etməklə yanaşı, yerli istehsalın və sənaye potensialının gücləndirilməsinə yol açır.

Prezident İlham Əliyevin 15 yanvar 2026-cı il tarixli sərəncamı ilə Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkının yaradılması da bu məqsədə xidmət edir. “Daşkəsən” filiz yatağının istismarı və ətraf ərazilərdə digər layihələrin həyata keçirilməsi, eləcə də Qərb Sənaye Parkında filiz hasilatı, zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı üzrə müəssisələrin inşası nəticəsində hasilatdan son məhsula qədər istehsal zənciri qurulacaq. Beləliklə, hasil olunan filizin və təbii mineralların ölkə daxilində metallurgiya müəssisələrində xammal kimi istifadə edilməsi Azərbaycanda həm də metallurgiya sənayesinin inkişafına yeni töhfə verəcək.

Hasil olunan faydalı qazıntılardan səmərəli istifadə, yəni onlardan daha çox iqtisadi dəyərin əldə edilməsi ölkənin sənaye potensialının artırılması, qeyri-neft sektorunun şaxələndirilməsi və dayanıqlı iqtisadi artımın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nın icrası respublikamızın zəngin mineral-xammal ehtiyatlarının iqtisadi dövriyyəyə daha geniş şəkildə cəlb olunmasına, hasilatdan emala, emaldan isə yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsul istehsalına qədər bütöv sənaye zəncirinin formalaşdırılmasına mühüm imkanlar yaradacaq.

Related Articles

Bir cavab yazın

Back to top button