Ölkə

Gender bərabərliyinə nail olmaq 171 il çəkə bilər – BMT-dən hesabat

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlar üzrə qurumu (UN Women) və BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti (UN DESA) “Gender Snapshot 2026” hesabatını yayımlayıb.

AZERFAX.AZ xəbər verir ki, hesabatda bildirilir ki, qadınların real şəkildə səlahiyyət və imkanlara malik olduğu cəmiyyətlərdə yoxsulluğun aradan qaldırılmasından iqlim fəaliyyətinə qədər BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin bütün istiqamətlərində nəticələr yaxşılaşır.

Bununla belə, mövcud irəliləyiş tempi dəyişməz qalarsa, dünyada gender bərabərliyinə tam nail olmaq 171 il çəkə bilər.

Hesabatda qadınlara qarşı zorakılığın miqyası da diqqətə çatdırılıb. Məlumata görə, yalnız son bir il ərzində 316 milyon qadın yaxın tərəfdaşı tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalıb.

Bundan başqa, mövcud tendensiyalar davam edərsə, 2030-cu ildə 1,1 milyard qadın və qız uşağının hələ də ərzaq təhlükəsizliyi problemi ilə üzləşəcəyi proqnozlaşdırılır.

Siyasi iştirakla bağlı göstəricilər də hesabatda xüsusi yer alıb. Bildirilir ki, siyasi vəzifəyə namizəd olmağın maliyyə yükü bəzi hallarda ölkədə adambaşına düşən orta gəlirin 100 qatını keçə bilər. Bu isə bir çox qadının seçki yarışı başlamamış prosesdən kənarda qalmasına səbəb olur.

Bəzi ölkələrdə siyasi vəzifəyə namizəd olan hər 10 qadından 8-i ictimai həyatda zorakılıqla üzləşir.

Hesabatda qeyd olunur ki, qadınlar hökumətlərdə nazir vəzifələrinə təyin olunduqda belə, təhlükəsizlik və iqtisadi baxımdan daha çox səlahiyyət verən sahələrdə təmsilçilik baxımından qeyri-bərabərlik qalır. Belə ki, müdafiə nazirlərinin təxminən 90 faizi, maliyyə nazirlərinin isə 80 faizindən çoxu kişilərdir.

Related Articles

Bir cavab yazın

Back to top button