“Revsportz” idman nəşri “Qarabağ”ın uğurundan yazdı

Azərbaycanın “Qarabağ” futbol klubunun müharibənin viran qoyduğu Ağdam küçələrindən UEFA Çempionlar Liqasının parlaq oyunlarına qədər olan tarixçəsi idmandan kənara çıxan cəsarət və ümid simvoluna çevrilib.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “Revsportz” idman nəşrinin “Köhnə Dünya”nın əsas klub turnirində Azərbaycan çempionunun uğuruna həsr olunmuş məqaləsində deyilib.
“Avropanın ən ilhamverici autsayderlərindən birinə çevrilən Azərbaycan klubu qitənin futbol nəhəngləri ilə inamla rəqabət aparır. Cari mövsümdə “Qarabağ” futbol dünyasını heyrətləndirir. Azərbaycan klubu turnirə “Benfika” üzərində 3:2 hesablı maraqlı qələbə ilə başlayıb, daha sonra “Kopenhagen” üzərində 2:0 hesablı inandırıcı qələbə qazanıb və bu yaxınlarda Bakıda İngiltərənin “Çelsi” klubu ilə 2:2 hesablı heç-heçə edib – azarkeşlər bu nəticəni əsl qələbə kimi qəbul ediblər. Komandanın yeganə məğlubiyyəti Bilbaodan olan “Atletik”lə oyunda (1:3) olub”, – nəşr yazıb.
Müəllif həmçinin noyabrın 5-də “Qarabağ”ın “Çelsi”yə qarşı oyunu barədə fikirlərini bölüşüb.
“Azərbaycan çempionu ilə rəqibi arasındakı təzad heyrətləndiricidir. “Çelsi”nin heyəti 1,1 milyard funt sterlinqdən çox qiymətləndirilir, bu, “Qarabağ” oyunçularının 21 milyon funt olan dəyəri ilə müqayisəolunmazdır. Lakin meydanda məhz xarakter və fədakarlıq şansları bərabərləşdirdi. İngilislərə qarşı oyunda ağdamlılar qorxmadan hərəkət edib, güclü pressinq tətbiq edib və on dəqiqə ərzində rəqibin qapısına iki dəfə dəqiq zərbə endiriblər”, – məqalədə deyilir.
Materiallarda komandanın baş məşqçisi Qurban Qurbanovun çoxillik fəaliyyəti yüksək qiymətləndirilir: “Onun liderliyi “Qarabağ”ı milli çempiondan Avropa turnirlərinin qorxulu qüvvəsinə çevirib”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



