Bitkoin yenə bahalaşdı

Kriptovalyuta bazarında uzun müddətdir liderlik edən “Bitcoin”in qiyməti 94 min dollara yaxınlaşıb. AZERFAX.az xəbər verir ki, “Bitcoin”in qiyməti son sutkada 1,22%, son 7 gündə isə 7,5% artaraq 93 730 ABŞ dolları səviyyəsinə yüksəlib. Aparıcı kriptovalyutanın bazar kapitallaşması 1,87 trilyon dolları ötüb ki, bu da ümumi bazar dinamikasında Bitcoinin əsas istiqamətverici rolunu bir daha təsdiqləyir. Digər əsas kriptovalyutalarda da yüksəliş qeydə alınıb. Ethereumun qiyməti son sutkada 1,87% artaraq 3 224 dollar olub. Solana üzrə həftəlik 11,71%, BNB üzrə isə 6,53% artım müşahidə edilib.
Altkoinlər arasında ən yüksək artım XRP və Dogecoində qeydə alınıb. XRP son 7 gündə 29,01%, Dogecoin isə 22,96% yüksəlib. Cardanonun qiyməti isə həftəlik 20,85% artıb.
Stabilkoinlərdə ciddi dəyişiklik müşahidə olunmayıb. Tether (USDT) və USDC qiymətlərini 1 dollar ətrafında sabit saxlayıb. Analitiklər bildirirlər ki, kriptovalyuta bazarında artım əsasən Bitcoin üzrə institusional tələbin güclənməsi, spot Bitcoin ETF-lərinə kapital axınının davam etməsi, eləcə də ABŞ-da pul-kredit siyasətinin yumşaldılması ilə bağlı gözləntilərlə əlaqədardır. Bitcoinin liderliyi fonunda bazarda risk iştahasının artması altkoinlərdə də yüksəlişi stimullaşdırıb.



