Siyasət

“2025 – Azərbaycanın Beynəlxalq və Daxili Uğurlar ili”

Yeganə Abbasova – Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin şöbə müdiri

Hər yeni ilin əvvəllərində Prezident İlham Əliyevin yerli jurnalistlərə müsahibə verməsi artıq bir ənənə halını alıb. Bu görüşlərdə dövlət başçısı respublikamızın qarşısında dayanan strateji vəzifə və məqsədlərin, gələcək perspektivlərin nələrdən ibarət olduğunu ictimaiyyətə açıqlayır. O cümlədən müsahibələr zamanı geridə qalan ildə Azərbaycanın iqtisadi və siyası sferada qazandığı uğurlar, beynəlxalq səviyyədə həyata keçirilən layihələr, dövlərlər arası əməkdaşlıqlar, görülən işlər və həyata keçiriləcək planlar prezident İlham Əliyev sanki bir hesabat çıxışı edir, öz fikirlərini bölüşür. Bu müsahibə müasir Azərbaycanın siyasi kursunun, regional proseslərə baxışının və qlobal çağırışlara verdiyi cavabların dolğun ifadəsi kimi dəyərləndirilir.

Dövlət başçısı da qeyd etdiyi kimi yola saldığımız 2025-ci il Azərbaycan üçün tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq:

“Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu” deyə cənab Prezident vurğulayıb.

 Prezident İlham Əliyevin faktlarla diqqətə çatdırdığı hər bir məsələ 2025-ci ilin Azərbaycan üçün növbəti uğurlu mərhələ olduğunu təsdiq edir. Tarixi Zəfər qələbəsindən sonra Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin irəliyə doğru aparılması istiqamətində əldə olunan razılaşmalar, Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması ötən ilin ən mühüm hadisələri, başqa cür desək, Azərbaycanın siyasi uğurlarıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu.

 Geridə qalan 2025-ci il Azərbaycan-Amerika münasibətlərinin kontekstində də tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi – Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun:

“Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır” deyə İlham Əliyev müsahibəsində vurğulayıb.

Dövlət başçısı müsahibəsi zamanı 2025-ci ilin Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri baxımında da çox məhsuldar olduğunu vurğulayıb. Yola saldığımız il  Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət strategiyasında Çin Xalq Respublikası ilə əməkdaşlığın yeni, daha dərin mərhələyə keçidi baxımından xüsusi yer tutur. Qlobal iqtisadi mərkəzlər arasında rəqabətin kəskinləşdiyi bir dövrdə Azərbaycan–Çin münasibətləri siyasi etimad, iqtisadi səmərəlilik və uzunmüddətli strateji maraqlar üzərində qurulan nümunəvi tərəfdaşlıq modeli kimi diqqət çəkir. 2025-ci ildə Prezident İlham ƏliyevinÇinə dövlət səfəri zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan diplomatiyasının ötən il əldə etdiyi uğurlar sırasına daxil olan siyasi hadisədir. Müsahibısi zamanı Prezident İlham Əliyevin diqqətə çatdırdığı göstəricilər Çinlə iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Belə ki, iki dövlət arasında əmtəə dövriyyəsi ötən il 20 faiz artaraq 4 milyard dolları keçib. Çin şirkətləri Azərbaycana əvvəlki illərdən fərqli olaraq daha fəal şəkildə investisiya qoymağa başlayıblar. Bu, xüsusən Azərbaycan üçün yeni strateji inkişaf istiqaməti olan bərpaolunan enerji sferasında özünü yaxından göstərir. Çin şirkətləri respublikamızda elektrik, Günəş, külək stansiyalarının, Günəş panellərinin istehsalı üzrə zavodun tikintisində, elektrik avtobuslarının yığılmasında iştirak edirlər.

Azərbaycanla Çin hərbi sferada da əməkdaşlıq edirlər. Ötən ilin noyabrın 8-də Bakıda keçirilən hərbi paradda Çin hərbi texnikalarının nümayişi də bunu göstərir. Amma bu, yalnız  başlanğıcdır və Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan yalnız hərbi texnikanın əldə olunması ilə kifayətlənməyəcək. Belə ki, hazırda iki dövlət arasında qeyd edilən sferada müştərək müəssisələrin yaradılması ilə də bağlı işlər aparılır.

 Dövlət başçısı həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrdə Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalı istiqamətində uğurlu addımların atıldığı vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın müdafiə sənayesində yeni səhifə açılib və artıq bu sahə yalnız dövlətə məxsus monopolist fəaliyyət deyil – özəl sektor hərbi təyinatlı məhsulların istehsalında fəal iştirak edir.

 “Bu günə qədər 15 şirkətə lisenziya verilib, təbii ki, bu sahə lisenziya tələb edən sahədir. Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb. Əgər biz qoyulan sərmayənin həcminə baxsaq görərik ki, yeni istehsal sahələri yaratmaq və mövcud olanları genişləndirmək üçün 2024-2025-ci illərdə bir milyard manat dəyərində sərmayə qoyulub. Bunun da yarısı özəl sektor tərəfindən qoyulubdur. Yenə də bu sahə ictimaiyyət üçün bir qədər qapalı olduğu üçün geniş məlumat verilmir. Ancaq bu proses çox geniş vüsət alıb”, – deyə dövlətimizin başçısı əlavə edib.

 Prezident İlham Əliyev müsahibəsində keçən il Azərbaycanda 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edildiyini vurğulayıb. Qeyd edib ki, onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac olunub.

 “Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Yeniliklərdən biri də odur ki, biz böyük, dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaratmışıq. Burada həm pilotsuz uçuş aparatları, artilleriya qurğuları, digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur”, – deyə dövlətimizin başçısı bildirib.

Jurnalistlərlə görüşü zamanı Prezident İlham Əliyev qeyd edib ki, respublikamız 2025-ci ili iqtisadi və sosial sferalarda da müsbət notlarla başa vurub. Dövlətimizn başçısı vurğulayıb ki, ötən ilin 11 ayında qeyri-neft və qeyri-qaz sektorunda 3,2 faiz artımın qeydə alınması, Azərbaycanın xarici borcunun hazırda ən aşağı səviyyədə olması, yəni,  ÜDM-in 6,3-6,4 faizini təşkil etməsi, strateji valyuta ehtiyatlarımızın 84 milyard ABŞ dollarına çatması olduqca ötən ilin uğurlu iqtisadi göstəricilərdir. 

 Azərbaycanın əsas milli prioritetlərindən olan Qarabağ və Şərqi Zəngəzurun bərpası da ötən il də sürətlə davam etdirilib, dövlət büdcəsindən bu istiqamətdə lazımi vəsait ayrılıb. Artıq işğaldan azad edilmiş ərazilərimizdə 32 kənd və şəhərə məcburi köçkünlərin qayıdışı təmin olunub. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 70 min nəfər vətəndaşımız yaşayır, işləyir və təhsil alır. Bu da ondan xəbər verir ki, Böyük Qayıdış proqramı uğurla icra olunur.

Azərbaycanın ötən il ərzində keçdiyi yolun bütün məqamlarına toxunan, daxili və xarici siyasətdən tutmuş sosial sahədə aparılan islahatlara qədər hər bir məsələnin incəliklərinə qədər açıldığı müsahibə Prezident İlham Əliyevin dövlətə rəhbərlik məsuliyyətini nə qədər dərindən dərk etdiyini, güclü siyasi iradəyə və mükəmməl liderlik keyfiyyətlərinə malik olduğunu bir daha sübut etdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button