Siyasət

Humanizmin söz deyil, real siyasi iradə olduğunu sübut edən Lider

Müasir Azərbaycan dövlətçiliyinin fəlsəfəsində humanizm anlayışı təsadüfi deyil, xalqımızın tarixi yaddaşından, milli-mənəvi dəyərlərindən və dövlətçilik ənənələrindən qaynaqlanan fundamental ideoloji xəttdir. Bu humanitar prinsiplərin əsasını Ümummilli Lider Heydər Əliyev Azərbaycana ikinci dəfə hakimiyyətə gəldikdən sonra rəhbərliyi dövründə qoymuşdu. Respublikamızda cəzasının müəyyən bir hissəsini çəkən və törətdiyi əməldən peşmançılıq keçirən məhkum olunan şəxslərin əfv edilməsi, bağışlanması ənənəsinin müəllifi də məhz xalqımızın Ulu Öndəri Heydər Əliyevdir. Bu ənənənin göstəricisi kimi 1995-2013-cü illərdə dahi şəxsiyyətin rəhbərliyi dövründə 32 əfv fərmanı imzalanmasını xüsusi vurğulamaq lazımdır. Həmçinin həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Heydər Əliyevin humanizm siyasətinin daha bir göstəricisi Azərbaycanda 1993-cü ildən ölüm hökmünün icrasının dayandırılmasıdır. Faktiki olaraq bu cəzanın icrasına moratorium qoyulub. Sonrakı beş il ərzində müxtəlif ağır cinayətlərə görə ölüm cəzasına məhkum edilmiş 120-dən çox şəxs barəsində ölüm hökmü icra olunmayıb. 1998-ci ildə isə Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü tamamilə ləğv edilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev öz fəaliyyətində humanizm dəyərlərinə böyük önəm verir.

Təsadüfi deyil ki, dövlətimizin başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib. Təkcə bu faktı xüsusi vurğulamaq yerinə düşər ki, indiyə kimi Prezident İlham Əliyev tərəfindən 39 əfv sərəncamı imzalanıb və nəticədə 7060 nəfər əfv olunub. Ümumilikdə isə 1995-2025-ci illərdə imzalanmış ümumilikdə 71 əfv fərman və sərəncamı ilə 101 min 62 nəfər məhkum əfv olunub.

Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə həmçinin 5 dəfə amnistiya elan olunub. Milli Məclis tərəfindən 2007-ci ildə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında», 2009-cu ildə «Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında», 2013-cü ildə «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» və 2016-cı il mayında 28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarlar qəbul edilmişdir. 4 amnistiya aktı əsasında 40 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilib. Prezident  İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya aktı elan olundu və bu amnistiya 17 mindən artıq şəxsə şamil edildı.

Humanist dövlət siyasətinin bariz nümunələrindən biri də Prezident İlham Əliyevin 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürməsidir. Bu təşəbbüs cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətə faydalı üzv kimi qayıdacaqlarına və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə olan inamın ifadəsidir. Amnistiya aktı, eyni zamanda, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə əsaslanır. Dövlət öz vətəndaşına ikinci şans verərək, ona etimad göstərir və bu etimadın doğruldulacağına ümid edir. Bu, humanizmin yalnız söz deyil, real siyasi iradə olduğunu sübut edir və respublika ictimaiyyəti tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır.

Gülşən Bağırova

Səhiyyə Nazirliyi Gəncə Tibbi Kollecinin Metodisti

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button