Millət vəkili M. Məmmədov: “Milli Qəhrəman Pəncəli Teymurov bütün Azərbaycanın qürur simvoludur”

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun məzarı və ev-muzeyi ziyarət edilib. AZERFAX.az xəbər verir ki, ziyarətdə Milli Məclisin deputatı Məşhur Məmmədovla yanaşı Rəşad Mahmudov, Anar İskəndərov, Fariz İsmayılzadə, Vasif Qafarov, ziyalılar, yüzlərlə vətənpərvər vətəndaş, şəhid ailələri, qazilər və hərbçilər iştirak ediblər.
Məşhur Məmmədov bildirib ki, Zəfər Günündə – şəhidlik zirvəsinə ucalmasından 9 il sonra – Prezident İlham Əliyevin Pəncəli Teymurova Milli Qəhrəman adı verməsi onun qəhrəmanlığına göstərilən böyük ehtiramın ifadəsidir:
“Pəncəli Teymurovun keçdiyi şərəfli döyüş yolu, Vətən uğrunda fədakarlığı və ordumuzda göstərdiyi xidmətlər hər birimiz üçün örnəkdir. O, təkcə cənub bölgəsinin deyil, bütün Azərbaycanın qürurudur.”

Məzarüstü mərasimdə və Milli Qəhrəmanın ev-muzeyində keçirilən çıxışlarda Pəncəli Teymurovun həyat yolu, döyüş qəhrəmanlığı və irsi bir daha vurğulanıb. Ziyarət iştirakçıları qəhrəmanın xatirəsinə dərin hörmət və minnətdarlıq ifadə ediblər.
Deputat Məşhur Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin şəhidlərimizə və qazilərimizə göstərdiyi yüksək diqqət və dəyər dövlətin şəhid ailələrinə olan sarsılmaz qayğısının bariz nümunəsidir:
“Biz bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların hər biri Vətənimizin əbədi qəhrəmanıdır. Ruhları şad olsun!”
Ziyarət Astara rayonunda, Milli Qəhrəman Pəncəli Teymurovun məzarında və ev-muzeyində baş tutub.




