Millət vəkili X. Fətiyev: “Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr Azərbaycan elminin yol xəritəsidir”

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Hər bir cəmiyyətin intellektini və inkişaf göstəricilərini şərtləndirən əsas meyarlardan biri onun elmi potensialıdır. Tarixi təcrübə də göstərir ki, elmdə uğurlara imza atan cəmiyyətlər digər sahələrdə də inkişafa nail ola bilirlər. Müasir dövr, xüsusən Dördüncü Sənaye İnqilabının rəqəmsal nəticələri isə elmin qarşısında növbəti yeni çağırışları formalaşdırır, bu sahədə daha çevik fəaliyyətin həyata keçirilməsini tələb edir.
Zəngin keçmişi və böyük uğurları olan Azərbaycan elmi də daim müasir çağırışlarla ayaqlaşmalı, öz işini dövrün tələblərinə uyğun qurmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində söylədiyi nitqində səsləndirdiyi fikirlər Azərbaycan elminin qarşısında çağdaş qlobal inkişaf tendensiyalarından irəli gələn vəzifələrin müəyyən olunması baxımından təkmil yol xəritəsi oldu.
Qeyd etdiyim kimi Azərbaycan elmi zəngin tarixə və həm də ənənələrə malikdir. Alimlərimiz, filosoflarımız, mütəfəkkirlərimiz tarix boyu xalqımızın və bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük töhfələr veriblər. Elə Azərbaycan Milli Elmlər Akademiyasının tarixi və fəaliyyəti də ölkəmizdə elmin inkişafına hər zaman göstərilən diqqət və qayğıdan xəbər verir. Azərbaycanda elmin inkişafından bəhs edərkən Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini də xüsusi vurğulamalıyıq. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində qeyd etdiyi kimi hələ ötən əsrin 70-ci illərində Heydər Əliyevin respublikamıza rəhbərliyi zamanı Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin oxumaq üçün keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə göndərilməsi də respublikamızın elmi potensialını yüksəltmişdi. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan ictimaiyyəti ilə ilk görüşü də 1993-cü ildə Milli Elmlər Akademiyasında keçirilmişdi və bu Ulu Öndərin ziyalıların cəmiyyətindəki yerinə və roluna verdiyi böyük dəyərin göstəricisi idi.
Azərbaycanın dinamik inkişafı ilə səciyyələnən müasir dövr həm də elmi yüksəliş mərhələsi kimi xarakterizə edilir. Bunun da səbəbi respublikamızda elmin inkişafı üçün güclü siyasi iradənin mövcud olmasıdır. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ənənələri davam etdirən Prezident İlham Əliyev respublikamızın elmi potensialının qorunmasını və daha da inkişafına nail olunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Azərbaycanın genişlənən maliyyə imkanlarının nəticəsi olaraq hər il dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin də həcmi artırılıb.
Bu dövrdə respublikamızda elmin inkişafı üzrə Milli Strategiya qəbul edilib, “Elm haqqında” qanun qəbul olunub. Bu sahədə icra edilən Dövlət Proqramı elmi inkişafa böyük təkan verməklə, fundamental dəyişikliklərə səbəb olub. Elmi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, innovasiya fəaliyyətinin normativ-hüquqi bazasının gücləndirilməsi də elmin inkişafı sahəsində qarşıya qoyulan vəzifələrin uğurlu icrasına yol açıb. O cümlədən 2009-cu ildə Elm Fondunun yaradılması ölkəmizdə elmin inkişafına göstərilən qayğının mühüm tərkib hissəsidir.

AMEA-dakı çıxışında elmin inkişafı ilə bağlı görülən işlərdən danışan Prezident İlham Əliyev elm adamlarının daha çox diqqət yetirməli olduqları məsələləri də diqqətə çatdırdı. Müasir dövr sürətli inkişaf yolundadır. Belə bir dövrdə qarşıda duran vəzifələr də sürətlə dəyişir. Dövlətimizin başçısının bildirdiyi kimi bu gün əsas vəzifələrdən biri texnologi inkişafdır. Dünya Dördüncü Sənaye İnqilabı dövründə yaşayır. Bu dövrün əsas reallıqlarından biri texnologi inkişafın yeni keyfiyyət mərhələsinə yüksəlməsi, hər bir sahədə rəqəmsal texnologiyaların tətbiq olunmasının geniş vüsət almasıdır. Bu baxımdan hazırda hər bir ölkənin yüksəlişi onun texnoloji imkanları və rəqəmsallaşma səviyyəsi ilə ölçülür. Rəqəmsallaşma dövründə həm də süni intellekt cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməkdədir. Cənab Prezident bu barədə danışarkən müasir reallıqlara əsaslandı və Azərbaycan alimlərini texnoloji yüksəlişdə, o cümlədən süni intellektin həm inkişafında, həm də tətbiqində, o cümlədən rəqəmsallaşmada fəal olmağa dəvət etdi.
Prezident İlham Əliyevin kibertəhlükəsizlik, hərbi sənaye, bərpaolunan enerji ilə bağlı toxunduğu məqamlar də müasir dövrün inkişaf tendensiyaları ilə səsləşən məsələlərdir. Ölkəmzin bu sahələrdə uğur qazanması texnoloji inkişafdan və elm adamlarının töhfələrindən əhəmiyyətli dərəcədə asılıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi bizim elmimizin praktik nəticələri olmalıdır:
«Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər».
Cənab Prezident İlham Əliyevin dövlətimizin tarixi, əzəli Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində xalqımıza məxsus toponimlərin dəyişdirilməsi, o cümlədən ana dilimizlə bağlı qeyd etdiyi məsələlər isə alimlərimizin qarşısında dayanan milli-mənəvi vəzifələrdir. Bütün bunlar həm əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, həm gənc nəslin tariximizi yaxından bilməsi, həm Qərbi Azərbaycana qayıdışın məntiqli və ədalətli səslənməsi, həm də ana dilimizin saflığının qorunması baxımından vacibdir. Cənab Prezidentin qeyd etdiyi kimi müstəqil Azərbaycanın tarixini tədqiq və təbliğ edən əsərlərə ehtiyac var.

Prezident İlham Əliyevin AMEA-dakı çıxışı bir daha göstərdi ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir və respublikamızın inkişafında bundan sonra da elmin yaxından iştirakına, elmi nailiyyətlərin iqtisadiyyata praktik tətbiqinə xüsusi diqqət ayrılacaq. Dövlətimizin başçısının nitqində elmlə bağlı qeyd etdiyi məsələlər həm də Azərbaycanın inkişafının yeni mərhələsinin ideoloji əsaslarını müəyyən edən milli vəzifələrdir. Bu vəzifələrin icrası qarşıdakı dövrdə Azərbaycanın iqtisadi, texnoloji və rəqəmsal yüksəlişində mühüm rol oynayacaqdır.



