Goranboyda minaya düşən çobanın vəziyyəti açıqlandı.

Goranboyda iki gün əvvəl minaya düşən şəxsin durumu haqqında rəsmi açıqlama verilib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından AZERFAX.az-ın yerli bürosuna verilən məlumata görə, mayın 31-də saat 15:30 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi cinsli) sol ayağın topuqdan amputasiyası və bədənin müxtəlif nahiyələrinin qəlpəsi yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir” deyə məlumatda bildirilib.
Qeyd edək ki, Goranboy rayonunun Yenikənd kəndi ərazisində 2025-ci il 31 may tarixində mina hadisəsi baş verib. Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb.
AZERFAX.az Qərb Bürosu